İsrail və Livan arasında atəşkəs UZADILDI - ABŞ Dövlət Departamenti elan etdi

Dünya

15.05.2026 23:28

ABŞ İsrail və Livan arasında atəşkəs rejiminin daha 45 gün müddətinə uzadılacağını elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott "X" sosial şəbəkəsində yazıb.

Vaşinqton bu qərarı tərəflər arasında keçirilən "yüksək məhsuldar" danışıqların nəticəsi kimi qiymətləndirib.

"Aprelin 16-da hərbi əməliyyatların dayandırılması barədə əldə olunmuş razılaşmanın müddəti, gələcək tərəqqiyə nail olmaq məqsədilə daha 45 gün uzadılacaq", - deyə Tommi Piqott bildirib.

Bu bəyanat ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin qüvvəyə minməsindən bəri İsrailin Livana qarşı davam edən hücumlarına baxmayaraq verilib.

Piqott qeyd edib ki, Dövlət Departamenti siyasi danışıqlar xəttini iyunun 2-3-də yenidən aktivləşdirəcək. O, həmçinin hər iki ölkənin hərbi nümayəndə heyətlərinin iştirakı ilə mayın 29-da Pentaqonda ayrıca bir "təhlükəsizlik xətti" üzrə görüşün başladılacağını anons edib.

"Ümid edirik ki, bu müzakirələr iki ölkə arasında davamlı sülhün təmin olunmasına, bir-birlərinin suverenliyinin və ərazi bütövlüyünün tam tanınmasına, eləcə də ortaq sərhəd boyunca real təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək", - deyə sözçü vurğulayıb.

Qeyd edək ki, sözügedən elan ABŞ-nin vasitəçiliyi ilə Dövlət Departamentində keçirilən danışıqların üçüncü raundundan sonra verilib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,İsrail,Livan,Atəşkəs,TodayPress TV,