Türkiyədə Özcan Dəniz və Dəniz Çakır da daxil 20 məşhur saxlanıldı
İstanbulda məşhurlara qarşı narkotik əməliyyatı keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri məlumat yayıb.
Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun narkotik vasitələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, istifadəsi və saxlanılması, eləcə də fahişəlik cinayətləri ilə bağlı apardığı istintaq çərçivəsində 35 şübhəli barəsində saxlanılma qərarı verilib.
Saxlanılanlar arasında tanınmış müğənni Özcan Dəniz, aktrisa Deniz Çakır, aktyor Murat Ceylan, təşkilatçı Erdal Bozkuş və rejissor Cem Karcı da var.
Məlumata görə, istintaq çərçivəsində şübhəlilərin ifadələri, şahid və gizli şahid ifadələri, həmçinin müsadirə edilmiş mobil telefonlar və digər rəqəmsal materialların ekspertiza nəticələri araşdırılıb. Əldə olunan yeni sübutlar əsasında prokurorluq əməliyyat keçirilməsi barədə qərar qəbul edib.
Əməliyyat nəticəsində 20 nəfər saxlanılıb. Digər şübhəlilərin axtarışı və istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.
Qeyd edək ki, saxlanılan şəxslərin təqsiri məhkəmə tərəfindən sübuta yetirilməyib.
Jalə Rövşən