Almanların 77%-i ABŞ ilə münasibətlərdən narazıdır – Qərb birliyi zəifləyir?

Almanların 77%-i ABŞ ilə münasibətlərdən narazıdır – Qərb birliyi zəifləyir?
25.11.2026 11:40 Dünya

“Pew Research Center” və “Körber-Stiftung” tərəfindən keçirilən 10-cu illik birgə sorğunun nəticələri ABŞ və Almaniya arasındakı münasibətlərə müsbət yanaşmanın zəiflədiyini göstərir.

TodayPress TV xəbər verir ki, bu barədə “Pew Research Center”in dərc etdiyi araşdırmada məlumat verilib.

Hazırda amerikalıların üçdə biri ABŞ və Almaniya arasındakı münasibətləri pis qiymətləndirir. Bu, son 10 ildə qeydə alınan ən yüksək göstəricidir. Münasibətləri yaxşı hesab edən amerikalıların payı isə 2024-cü ildəki 84%-dən 2025-ci ildə 71%-ə, 2026-cı ildə isə 62%-ə düşüb.

Almanların 77%-i ABŞ ilə münasibətləri pis, yalnız 21%-i yaxşı qiymətləndirir.

ABŞ və Almaniya qlobal məsələlərdə tərəfdaş hesab olunurmu?

Son illərdə iki ölkənin beynəlxalq məsələlərdə bir-birini tərəfdaş kimi görmə səviyyəsi azalıb:

 Azad ticarət – amerikalıların 54%-i, almanların 23%-i;

Ukrayna müharibəsi – amerikalıların 47%-i, almanların 35%-i;

Çin siyasəti – amerikalıların 45%-i, almanların 25%-i;

İran siyasəti – amerikalıların 33%-i, almanların 15%-i;

Süni intellektin tənzimlənməsi – amerikalıların 43%-i, almanların 25%-i.

Almaniyanın xarici siyasət prioritetləri dəyişir

Almanların 40%-i Fransanı, 24%-i isə ABŞ-ni ölkələrinin ən mühüm xarici siyasət tərəfdaşı hesab edir. Trampın ikinci prezidentlik dövründən əvvəl isə almanların əksəriyyəti ABŞ-ni əsas tərəfdaş kimi görürdü.

Amerikalıların 13%-i Kanadanı, 12%-i Böyük Britaniyanı, 11%-i İsraili, 8%-i Çini ən mühüm tərəfdaş hesab edir. Almaniya üzrə bu göstərici cəmi 1%-dir.

Almanların Qərbə inamı azalır

Sorğuya əsasən, almanların 61%-i müharibə zamanı ABŞ-nin nüvə çətirinə etibar edə bilməyəcəyini düşünür. Respondentlərin 69%-i bunun əvəzinə Fransa və ya Böyük Britaniyanın nüvə çətirinə üstünlük verir.

Almanların 86%-i ölkələrinin nüvə silahına sahib olmasına, 64%-i isə Almaniyanın Avropada hərbi liderlik rolunu üzərinə götürməsinə qarşıdır.

Respondentlərin 61%-i ABŞ və Avropa arasındakı siyasi və mədəni bağlılığı ifadə edən Qərb birliyinin artıq mövcud olmadığını düşünür.

Hansı ölkələr təhlükəsizlik təhdidi hesab olunur?

Amerikalıların 58%-i Çini, 53%-i Rusiyanı, 42%-i İranı ciddi təhlükəsizlik təhdidi hesab edir. Almaniyada isə bu göstəricilər müvafiq olaraq 7%, 45% və 10% təşkil edir.

Amerikalıların 64%-i, almanların isə 60%-i Çini ciddi iqtisadi təhdid kimi qiymətləndirir.

Almaniyadakı ABŞ hərbçilərinə münasibət

ABŞ Prezidenti Donald Tramp Almaniyada yerləşdirilən təxminən 35 min amerikalı hərbçidən 5 mininin ölkədən çıxarılacağını vəd edib.

Bununla belə, amerikalıların 80%-i, almanların isə 64%-i Almaniyadakı ABŞ hərbi bazalarını öz ölkələrinin milli təhlükəsizliyi üçün əhəmiyyətli hesab edir.

Ukraynaya hərbi yardıma münasibət

Amerikalıların 42%-i Ukraynaya, 34%-i Tayvana, 25%-i isə İsrailə hərbi yardım göstərilməsini dəstəkləyir.

Almanların 83%-i İsrailə, 78%-i Tayvana hərbi yardım göstərilməsinə qarşıdır. Ukraynaya hərbi yardımı isə respondentlərin 46%-i dəstəkləyir, 53%-i buna qarşı çıxır.

BMT və süni intellektin qlobal münaqişələrdə rolu

Almanların 48%-i, amerikalıların isə 45%-i BMT-nin müharibələrin və münaqişələrin həllində mühüm rol oynadığını düşünür.

Hər iki ölkədə respondentlər süni intellektin inkişafının qlobal münaqişələri azaltmaqdan daha çox artıracağını düşünməyə meyillidirlər.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər