Dördillik diskvalifikasiya təhlükəsi: Tennisçidən açıqlama!
Fransalı tennisçi Artur Rinderkneş dopinq testindən keçməkdən imtina etməsi ilə bağlı mümkün diskvalifikasiya xəbərlərinə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, dünya reytinqinin 57-ci pilləsində qərarlaşan idmançı məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb.
Rinderkneş bildirib ki, dopinq testindən vaxtında keçməkdən imtina etməsi ilə bağlı ittihamları qəbul etmir və işə müstəqil tribunalda baxılması üçün müraciət edib.
“Mən dopinq testindən keçməkdən imtina etməyimlə bağlı yayılan məlumatlardan xəbərdaram. Beynəlxalq Tennis Dürüstlüyü Agentliyinin (ITIA) qaydalarına əsasən, bu məlumatlar ciddi şəkildə məxfi saxlanılmalı idi.
Artıq ITIA-ya ittihamları qəbul etmədiyimi bildirmişəm və hüququmdan istifadə edərək işə baxılması üçün müstəqil tribunala müraciət etmişəm. Bütün detalları tribunal qarşısında açıqlayacağam və hələlik ictimaiyyət qarşısında əlavə şərh verməyəcəyəm.
Əminəm ki, tribunal dopinq testindən keçməkdən imtina ilə bağlı ittihamları üzərimdən götürəcək. Mən heç vaxt qadağan olunmuş maddələrdən istifadə etməmişəm və tennisdə qazandığım nailiyyətlərlə fəxr edirəm. Bütün bunlara zəhmətim və əzmkarlığım sayəsində nail olmuşam”, – deyə fransalı tennisçi bildirib.
Namiq HUN