Hörmüz boğazında humanitar böhran - dənizçilər gəmilərdə “məhbus” qaldı

Dünya

13.05.2026 22:26

"Hörmüz boğazı ətrafındakı gəmilərdə çox sayda dənizçi hələ də blokadada qalıb və bu vəziyyət mülki işçi qüvvəsi üçün qəbulolunmazdır".

TodayPress TV xəbər verir ki, bu fikirləri Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) Baş katibi Arsenio Dominqes Londonda Dəniz Təhlükəsizliyi Komitəsinin 111-ci sessiyasının açılışında bildirib.

O, strateji gəmiçilik kanalındakı vəziyyətin "dərin narahatlıq doğurduğunu" vurğulayıb:

"Çox sayda dənizçi hazırda normal fəaliyyət göstərə və ya bölgəni tərk edə bilməyən gəmilərdə qalıb. Onlar faktiki olaraq uzun müddət yüksək riskli mühitdə məhbus vəziyyətinə düşüblər".

Baş katib qeyd edib ki, dənizçilər davamlı təhlükəsizlik təhdidləri və ciddi psixoloji təzyiqlərlə üzləşirlər. Eyni zamanda, Körfəz və ətrafındakı gəmilərin hərəkətsiz qalması qlobal ticarət, enerji təchizatı və iqtisadi sabitlik üçün ciddi fəsadlar törədir.

“Bu vəziyyət nə qədər uzun sürərsə, ciddi dəniz hadisəsinin baş vermə riski bir o qədər artacaq”, - deyə o əlavə edib.

Dominqes vurğulayıb ki, naviqasiya azadlığına hörmət edilməlidir və dənizçilər, eləcə də ticarət gəmiləri heç vaxt geosiyasi gərginliyin qurbanına çevrilməməlidir.

Aysel Mətləb

TodayPress TV

tag: Hörmüz,IMO,Arsenio Dominqes,Dənizçi,TodayPress TV,