BCM Niderlandın dəstəyi ilə ABŞ sanksiyalarına qarşı tədbirlər hazırlayır

Dünya

12.12.2025 17:13

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Niderlandın dəstəyi ilə ABŞ tərəfindən yalnız fərdi işçilərə deyil, bütün məhkəmə strukturuna təsir göstərə biləcək yeni sanksiyaların tətbiqinə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri David van Vil məlumat verib.

"Roma Statutunun bütün iştirakçı dövlətləri ilə birlikdə, əlbəttə ki, ABŞ-ni bunu etməməyə çağırırıq. Amma məsələ burasındadırsa, bu cür sanksiyalara necə qarşı çıxacağımızı nəzərdən keçirəcəyik", - deyə o, efirdə bildirib.

Van Vilin sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin Amerika İnformasiya Texnologiyaları (IT) infrastrukturundan asılılığının azaldılması tədbirlərin hazırlanmasında prioritet olaraq qalır. Yeni sanksiyalar tətbiq olunarsa, Vaşinqton Amerika şirkətlərinin məhkəməyə xidmət göstərməsini qadağan edə bilər ki, bu da məhkəmənin bank əməliyyatlarına və IT sistemlərinə mənfi təsir göstərə bilər. 

Xatırladaq ki, dekabrın 10-da ABŞ hakimiyyəti BCM-dən prezident Donald Trampı və ya onun administrasiyasının rəsmilərini 2029-cu ildə prezidentlik müddəti başa çatdıqdan sonra təqib etməyəcəyinə dair zəmanət istəyib.

Bildirilib ki, ABŞ qoşunlarının Əfqanıstandakı hərəkətləri ilə bağlı istintaq davam edərsə, ABŞ daha çox hakimə və ya məhkəmənin özünə sanksiyalar tətbiq edə bilər. Bundan əlavə, Vaşinqton BCM-dən İsrail rəhbərliyi və Qəzza zolağındakı münaqişə zamanı onun hərəkətləri ilə bağlı istintaqını dayandırmasını istəyib.

Aysel Mətləb

TodayPress TV

tag: BCM,Niderland,ABŞ,Sanksiya,Todaypress.tv,