ABŞ Senatından qərar: İrana dair qətnamə yenidən qəbul olunmadı
Dünya
13.05.2026 23:53
ABŞ Konqresinin Senatı Amerika administrasiyasına İrana qarşı hərbi əməliyyatları dayandırmağı faktiki olaraq tapşıran qətnaməni yeddinci dəfə rədd edib.
TodayPress TV xəbər verir ki, qanunverici orqanın yuxarı palatasındakı səsvermə prosesi "C-SPAN" telekanalı vasitəsilə canlı yayımlanıb.
Sənədin lehinə 49 qanunverici səs verdiyi halda, 50 nəfər onun əleyhinə çıxıb. Qətnaməni dəstəkləyənlər arasında hakim Respublikaçılar Partiyasının üç nümayəndəsi — Rend Pol (Kentukki ştatı), Liza Murkovski (Alyaska ştatı) və Syuzan Kollinz (Men ştatı) da olub. Demokratlar arasından qətnamənin əleyhinə səs verən yeganə şəxs isə Con Fetterman (Pensilvaniya) olub.
Xatırladaq ki, mayın 1-də Amerika administrasiyasının rəhbəri Konqres rəhbərliyinə rəsmi şəkildə bildiriş göndərərək, Ağ Evin İranla müharibəni başa çatmış hesab etdiyini bəyan edib. Lakin görünən odur ki, bu addım əsasən ABŞ Silahlı Qüvvələrinin xaricdəki münaqişələrdə istifadəsini tənzimləyən daxili qanunvericiliyin müddəalarına riayət etmək zərurəti ilə bağlı olub.
Aysel Mətləb
tag: ABŞ,İran,Tramp,Qətnamə,TodayPress TV,
