ABŞ İran gəmisini sıradan çıxardı - Rəsmi bəyanat

Dünya

06.05.2026 22:32

ABŞ qoşunları Oman körfəzində İran bayrağı altında üzən tankeri sıradan çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.

Bildirilib ki, "M/T Hasna" kimi tanınan gəminin beynəlxalq sularda Oman körfəzindəki İran limanına doğru hərəkət etdiyi müşahidə olunub. Komandanlığın məlumatına görə, ABŞ qüvvələri tankerə çoxsaylı xəbərdarlıqlar edərək, gəmi heyətini blokada şərtlərini pozduqları barədə məlumatlandırıb.

"Hasna" gəmisinin heyəti təkrar xəbərdarlıqlara tabe olmadıqdan sonra, "USS Abraham Lincoln" aviadaşıyıcısından qalxan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “F/A-18 Super Hornet” qırıcısının 20 mm-lik topundan açılan bir neçə atəşlə tankerin sükanı sıradan çıxarılıb.

Komandanlıq bir daha xatırladıb ki, İran limanlarına daxil olmaq və ya oradan çıxmaq istəyən gəmilərə qarşı tətbiq edilən ABŞ blokadası tam qüvvədə qalır.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ ,Oman ,İran ,Tanker,TodayPress TV,