ABŞ-də iki helikopter toqquşdu: 3 nəfər həyatını itirdi
ABŞ-nin Oreqon ştatında iki helikopterin havada toqquşması faciə ilə nəticələnib. Hadisə nəticəsində üç nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, qəza oktyabrın 29-da Makminvil şəhəri yaxınlığında baş verib.
Yamhill dairəsinin şerif ofisinin bildirdiyinə görə, "Robinson R22" və "Airbus" markalı helikopterlər Emity-Dayton şosesi ilə Krinksxenk yolunun kəsişməsi üzərində toqquşub.
Robinson R22 helikopterində Texasdan olan təlimatçı pilot və Böyük Britaniyadan olan tələbəsi, digər helikopterdə isə 38 yaşlı yerli sakin olub. Qəza nəticəsində hər üçü həyatını itirib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) qəza ilə bağlı araşdırma aparır.
Türkan İsgəndərli