Kompani “Bavariya”nın üç oyununu buraxacaq – Səbəb bəlli oldu
“Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlər səbəbindən komandasının qarşıdakı üç oyununda iştirak etməyəcək.
TodayPress TV Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis noyabrın 9-17-də keçiriləcək milli komandaların oyunları ilə əlaqədar fasiləyədək məşqçilər korpusuna qayıtmayacaq.
Oktyabrın 23-də “Bavariya”nın ikinci komandasının məşqi zamanı huşunu itirən Kompani xəstəxanaya yerləşdirilib. O, oktyabrın 28-də xəstəxanadan buraxılıb.
Münhen klubunun idman direktoru Maks Eberl hadisənin beyin qişalarının qıcıqlanması ilə əlaqədar baş verdiyini bildirib.
Kompani Bundesliqada Dortmund “Borussiya”sı (31 oktyabr) və “Maynts”la (7 noyabr), həmçinin Çempionlar Liqasının əsas mərhələsində “Atletiko” ilə (3 noyabr) keçiriləcək qarşılaşmaları buraxacaq.
Bu müddətdə onun vəzifələrini köməkçisi Aaron Denks yerinə yetirməyə davam edəcək.
Qeyd edək ki, “Bavariya” Bundesliqada yeddi oyundan sonra 17 xalla turnir cədvəlinə başçılıq edir.