“3I/ATLAS” adi gözlə görünməyəcək
Dünya
13.12.2025 12:15
Ulduzlararası “3I/ATLAS” obyektini dekabrın 19-da Yerə maksimum yaxınlaşacağı anda belə adi gözlə müşahidə etmək mümkün olmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası və Rusiya EA Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri məlumat yayıb.
Bildirilib ki, hazırda “3I/ATLAS” obyektinin ulduz parlaqlığı təxminən 11–12-dir və bu səbəbdən onun müşahidəsi üçün aperturası ən azı 120 mm olan teleskop və bu cür avadanlıqla işləmək bacarığı tələb olunur. Alimlər əlavə ediblər ki, sosial şəbəkələrdə yayılan görüntülər yüzlərlə kadrın birləşdirilməsi və xüsusi proqramlarla işlənməsi nəticəsində əldə edilir.
Mütəxəssislər qeyd ediblər ki, dekabrın 19-u hesablamalara əsasən maksimum yaxınlaşma tarixi kimi qəbul olunur. Hazırda obyekt Yerdən təxminən 271 milyon kilometr məsafədə yerləşir ki, bu da demək olar minimum göstəriciyə uyğundur. Bir həftə ərzində məsafə cəmi 1 faiz, yəni təxminən 3 milyon kilometr dəyişəcək. Bundan sonra “3I/ATLAS” iki-üç gün ərzində Yerə nisbətən demək olar ki, “hərəkətsiz” qalacaq, daha sonra isə Yupiter istiqamətində sürətlə uzaqlaşmağa başlayacaq.
Qeyd edək ki, “3I/ATLAS” astronomiya tarixində qeydə alınan üçüncü ulduzlararası obyekt hesab olunur. Daha əvvəl 2017-ci ildə “Oumuamua” asteroidi, 2019-cu ildə isə rusiyalı astronom Gennadi Borisov tərəfindən aşkar edilmiş “2I/Borisov” kometası müşahidə edilib.
Xatırladaq ki, daha əvvəl Harvard Universitetində “3I/ATLAS” kometasının mümkün olaraq yadplanetli sivilizasiya ilə əlaqəli ola biləcəyi ehtimalı irəli sürülmüşdü.
Qiymət Mahir
tag: 3I/ATLAS,Proqram,Harvard Universiteti,Sivilizasiya,Todaypress.tv,
