1993-cü ildən bəri ilk dəfə, Göyçə gölü o qədər artdı ki, Azərbaycandan göründü
Ermənistanın ən böyük şirin su hövzəsi olan Göyçə gölündə son 33 ilin ən sürətli su artımı qeydə alınıb.
TodayPress TV xəbər verir ki, Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzinin rəsmi məlumatına görə, təkcə cari ilin 1-15 iyun tarixləri arasında göldə suyun səviyyəsi 11 santimetr yüksəlib.
Rəsmilər bunun 1993-cü ildən bəri iyun ayının ilk yarısında qeydə alınan ən sürətli artım temp olduğunu bildirirlər.
Məlumata görə, 2026-cı ilin əvvəlindən bəri gölün səviyyəsi ümumilikdə 46 santimetr qalxaraq dəniz səviyyəsindən 1900 metr 69 santimetr nöqtəsinə çatıb. Bu rekord sıçrayışda əsas pay sahibləri:
Arpa-Göyçə tuneli: İlin əvvəlindən bəri bu strateji derivasiya sistemi vasitəsilə gölə 114 milyon kubmetrə yaxın su ötürülüb.
Suvarma təzyiqinin azalması: İyun ayında günlərlə davam edən güclü yağışlar nəticəsində qonşu Aparan su anbarı 2011-ci ildən bəri ilk dəfə 100% dolub. Bu səbəbdən Göyçə sularının Hrazdan çayı vasitəsilə suvarmaya buraxılması müvəqqəti dayandırılıb və bu da yayda adətən baş verən kəskin azalmanın qarşısını alıb.
Yaz yağıntılarının normadan 131% çox (198 mm) olması regional su ehtiyatlarını maksimuma çatdırsa da, Göyçənin ümumi su balansı hələ də tam bərpa olunmayıb. Hazırkı səviyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 santimetr aşağıdır. Ekoloji bərpa proqramı çərçivəsində gölün optimal səviyyəsinin 1903,5 metrə çatdırılması hədəflənir ki, bu da hazırkı rekord artımdan sonra belə hələ 3 metrə yaxın su qıtlığının qaldığını göstərir.
Jalə Rövşən