Famil Xəlilov: Hələ yeni başlayırıq
Bizim işimiz hələ yeni başlayır. Çalışacağıq ki, maksimum nəticə əldə edək və qrupumuzu liderlər sırasında başa vuraq.
TodayPress TV-nin məlumatına görə, bunu Bakı Kristal Zalında (Baku Crystal Hall) reallaşan rəsmi açılış mərasimindən və Azərbaycan – Timor-Leste matçından dərhal sonra komandamızın baş məşqçisi Famil Xəlilov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"İlk öncə futbolçularımı təbrik edirəm. Bilirdik ki, ilk oyunlar çox çətin keçir. Bu, birinci hissədə də özünü göstərdi. İkinci hissədə futbolçular toparlana bildilər və layiqli qələbə qazandılar. Buna baxmayaraq, arxayınlaşmaq olmaz. İşimiz hələ yeni başlayır. Çalışacağıq ki, maksimum nəticə əldə edək və qrupumuzu liderlər sırasında başa vuraq.
Rəqiblərimiz kifayət qədər güclü komandalardır. Bu gün artıq onların oyunlarını izlədik. Hər biri uğur qazanmaq uğrunda mübarizə aparır. Biz də ev sahibiyik və istəyirik ki, bu çempionatda yaxşı mənada iz buraxaq", - deyə Famil Xəlilov vurğulayıb.
Baş məşqçi oyunundan sonra Prezident İlham Əliyevin təbrikini qürurverici adlandırıb:
"Çox qürurverici və sevindirici hiss idi. Təbii ki, ölkə başçısının bizi qəbul etməsi bizə əlavə motivasiya verir. Futbolçular da bunu hiss edirlər. İnşallah, daha məsuliyyətli olacağıq və növbəti oyunlarda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
O həmçinin əlavə edib ki, komanda qrupda maksimum xal toplamağı hədəfləyib.
"Avstraliya, Haiti – qrupumuzdakı komandalar artıq bu gün oyunları izlədikdən sonra xeyli qədər güclərini artırıblar. Biz də onlarla mübarizə aparıb yaxşı nəticə alacağımızı düşünürük. Amma bir balaca futbolçular özlərinə inanmalıdırlar, həyəcanı üzərlərindən atmalıdırlar, inanmalıdırlar ki, yaxşı nəticələr verəcəklər".
Famil Xəlilovun sözlərinə görə, 8-ə 8 formatının təşkil olunması ilə bağlı onlar artıq Arsen Venger ilə iclasda müzakirələr ediblər:
"Gördük ki, bu formatı təşkil etməkdə məqsəd daha çox futbolçunun topla təmas etməsi, daha çox intensivliyin olmasıdır. Deyərdim ki, böyük futboldan daha çox hərəkət var, daha çox fiziki yük var. Futbolçular artıq bu formatı keçdikdən sonra nisbətən daha yaxşı uyğunlaşacaqlar. O format bir az çətindir".
O, gələcəkdə bunun qlobal hala çevrilə biləcəyini də istisna etməyib.