Husilər yenidən "Saudi Aramco"nu hədəf aldı
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husiləri "Saudi Aramco"nun obyektlərinə, neft kəmərinə, eləcə də Səudiyyə Ərəbistanının ərazisində yerləşən bir neçə hava limanına və hərbi bazaya zərbələr endiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə bildirib.
“Silahlı qüvvələr (husilərin silahlı birləşmələri - red.) ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə etməklə yeddi hərbi əməliyyat həyata keçirib”, – deyə Səriə vurğulayıb.
Onun sözlərinə görə, Yanbudakı "Saudi Aramco" şirkətinin obyektləri, Rabigdəki neft emalı zavodu, xam neftin nasos stansiyaları və “Şərq-Qərb” neft kəməri hücuma məruz qalıb.
Bundan əlavə, üsyançıların nümayəndəsinin iddiasına görə, Ər-Riyaddakı Kral Xalid adına və Dammamdakı Kral Fəhd adına beynəlxalq hava limanlarına, Nəcran hava limanına, eləcə də Xamis-Muşaytdakı aviabazaya zərbələr endirilib. Səriə əlavə edib ki, Dammamdakı hava limanına hücum hava əlaqəsinin dayandırılmasına səbəb olub.
Aysel Mətləb