14 hərbçinin ölümünə kimlər cavabdehdir? – Qazaxıstanda 5 nəfər HƏBS OLUNDU
Qazaxıstanda Xəzər dənizində keçirilən təlimlərdə 14 hərbi qulluqçunun həlak olması ilə bağlı cinayət işi üzrə 5 nəfər həbs edilib.
TodayPress TV xəbər verir ki, respublika Prezidenti Kasım-Jomart Tokayev bütün təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edib və məsələni şəxsi nəzarətinə götürüb.
"Dövlət başçısı ilk kadr qərarlarının qəbul edildiyini, bununla yanaşı, hərbi qulluqçuların həlak olmasında təqsirli bilinən bütün vəzifəli şəxslərin qanunla müəyyən edilmiş məsuliyyət daşımalı olduğunu vurğulayıb. Bu məsələ prezidentin şəxsi nəzarətindədir. Komanda heyətinin cinayətkar səhlənkarlığı faktları üzrə məhkəməyədək araşdırma davam edir. Beş vəzifəli şəxs həbs olunub", – deyə prezidentin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, yoxlama davam etdiriləcək və ölkə Silahlı Qüvvələrinin döyüş hazırlığına təsir etməyəcək.
Xatırladaq ki, sentyabrın 24-də Qazaxıstanda Xəzər dənizi sahilində keçirilən təlimlərdə 17 hərbçini dəniz aparıb, onların 14-ü həlak olub, daha 3 nəfər isə xilas edilib. İnsidentdən sonra Tokayev Müdafiə Nazirliyində yoxlama aparılması barədə tapşırıq verib, həmçinin müdafiə qurumunun rəhbərini, Baş Qərargah rəisini dəyişib və HDQ baş komandanını işdən çıxarıb.
Aysel Mətləb