Tədqiqatçılara şad xəbər: Tətbiq imkanı olan ən yaxşı 3 elmi iş mükafatlandırılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət istiqamətləri üzrə keçirilən tədqiqat layihəsi çərçivəsində ilk üç ən yaxşı elmi iş seçilərək ictimaiyyətə açıqlanacaq və qaliblər mükafatlandırılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini Elçin Süleymanov jurnalistlərə açıqlamasında bildirib.
E.Süleymanov qeyd edib ki, layihəyə təqdim olunan mövzular Nazirliyin fəaliyyətində xüsusi əhəmiyyət kəsb edən sahələri əhatə edir. Onun sözlərinə görə, bu araşdırmalar sadəcə nəzəri xarakter daşımayacaq, Nazirliyin praktiki fəaliyyətində və real iqtisadiyyatda istifadə olunacaq elmi-tədqiqat işi kimi dəyərləndiriləcək:
"Ali təhsildəki tədqiqatçıların araşdırmaları, dünya təcrübəsini öyrənib Azərbaycan üçün tətbiq imkanları və tövsiyələri həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, həm də Milli Observatoriyanın tədqiqatlarında aktiv istifadə olunacaq. Yəni bu tədqiqat sadəcə arxiv üçün yox, real iqtisadiyyat üçün, ölkəmizin inkişafına, sosial müdafiə və əmək bazarına real töhfəsi olan tədqiqatlar olacaq."
O, layihənin gedişatına uğurlar arzulayıb və tədqiqatların ölkə iqtisadiyyatına mühüm töhfə verəcəyini vurğulayıb.
Onun sözlərinə görə, layihədə paytaxt ali təhsil müəssisələri ilə yanaşı Naxçıvan və Mingəçevir Dövlət Universitetlərindən də komandalar iştirak edir.
Jalə Rövşən