COP31-də Azərbaycan təcrübəsi: Bahar Muradova yeni hədəfləri açıqladı
“COP31 çərçivəsində “ədalətli keçid” anlayışının yalnız texnoloji və sektoral dəyişikliklər müstəvisində deyil, xüsusilə insan, ailə və qayğı iqtisadiyyatı kontekstində müzakirə edilməsi qlobal iqlim gündəliyi üçün strateji əhəmiyyət daşıyır”.
TodayPress TV-nin Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP31 çərçivəsində keçirilən “Sosial müdafiə, qayğı xidmətləri və qadınların səlahiyyətlərinin artırılması vasitəsilə ədalətli keçidin təmin edilməsi” adlı sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün dünya iqtisadiyyatı, enerji sistemləri və əmək bazarları genişmiqyaslı transformasiya mərhələsindən keçir, lakin qəbul etməliyik ki, iqlim dəyişikliyinin və yaşıl keçidin təsirləri cəmiyyətin bütün qrupları üçün eyni deyil:
“Bərabərsizlik, ödənişsiz qayğı əməyi və resurslara çıxış imkanlarının qeyri-bərabər olması qadınları və uşaqları daha həssas vəziyyətə sala bilər. Buna görə də ədalətli keçid yalnız yeni “yaşıl iş yerləri”nin yaradılması ilə məhdudlaşmamalıdır. O, güclü sosial müdafiəni, əlçatan qayğı xidmətlərini və qadınların qərarların qəbulunda fəal iştirakını da əhatə etməlidir”.
Bahar Muradova iki il əvvəl Bakıda uğurla ev sahibliyi etdiyimiz COP29 konfransını da xatırladıb. O bildirib ki, COP29 qlobal iqlim diplomatiyasında mühüm dönüş nöqtəsi olub:
“Azərbaycanın COP29 sədrliyi dövründə “Yaşıl dünya naminə həmrəylik” şüarı altında iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəf qəbul etdik. Eyni zamanda, iqlim fəaliyyətində insan kapitalına, xüsusilə qadınlara və gənclərə diqqət yetirilməsini prioritet kimi müəyyənləşdirdik. COP29 çərçivəsində keçirilən Gender Günü və insan inkişafı üzrə yüksək səviyyəli təşəbbüslər göstərdi ki, gender amilini nəzərə alan maliyyələşdirmə və etibarlı məlumat bazası olmadan iqlim hədəflərinə tam nail olmaq mümkün deyil. Bakıdan Belemə, Belemdən isə bu gün COP31 üçün Antalyaya uzanan bu yol bəyanatlardan konkret sosial və iqtisadi fəaliyyətə keçdiyimizi göstərir. Azərbaycan Respublikasının dövlət siyasəti beynəlxalq öhdəliklərimizə tam uyğundur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədimizdə “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” hədəfi “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” prioritetini tamamlayır.
Komitə sədri Azərbaycanın yaşıl iqtisadiyyata keçidini qadınların iqtisadi imkanlarının genişləndirilməsi və ailə institutunun dayanıqlığının möhkəmləndirilməsi üçün böyük fürsət kimi qiymətləndirdiyini vurğulayıb:
“Azərbaycanda həyata keçirdiyimiz sistemli fəaliyyətin əsas istiqamətlərini diqqətinizə çatdırmaq istərdim:
Qadınların yaşıl sahibkarlığa və dayanıqlı kənd təsərrüfatına cəlb edilməsi. Qadınların mikrosahibkarlıq fəaliyyətinə dəstək onların iqlim şoklarına qarşı iqtisadi dayanıqlığını artırır.
İşğaldan azad edilmiş ərazilərimizdə “Yaşıl enerji zonası” konsepsiyasının həyata keçirilməsi və sosial reinteqrasiya. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri dünyanın ən müasir ekoloji standartlarına əsaslanır. “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri vasitəsilə müasir sosial infrastruktur qururuq.
Qayğı iqtisadiyyatının və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi.
Eyni zamanda, xüsusi təqaüd və mentorluq proqramlarımız gənc qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM), bərpa olunan enerji və innovasiya sahələrinə cəlb edilməsinə xidmət edir və gələcəyin yaşıl iqtisadiyyatında qadınların liderliyini təmin etməyə yönəlir”.
B.Muradova qardaş Türkiyənin 12-ci Milli İnkişaf Planı və Qadınların Gücləndirilməsi Strategiyası çərçivəsində sosial dayanıqlığı, güclü ailələri və yaşıl keçidi birləşdirən, iqlim dəyişikliyi və ətraf mühit məsələlərini dövlət strategiyasının əsas istiqamətlərinə çevirən modelin Azərbaycan üçün böyük maraq doğurduğunu diqqətə çatdırıb.
“İnanıram ki, Türkiyənin qabaqcıl təcrübəsinin Azərbaycanın inkişaf prioritetləri ilə birləşdirilməsi COP31-in məqsədlərinə nail olmaq üçün böyük birgə potensial yarada bilər. Əməkdaşlığımızı dərinləşdirmək üçün gender statistikası və monitorinq alətlərini birgə təkmilləşdirmək vacibdir. Bununla yanaşı, qayğı xidmətlərinin “yaşıl və sosial infrastruktur”a investisiyaların əsas tərkib hissəsi kimi tanınması istiqamətində ortaq mövqe nümayiş etdirmək mühüm əhəmiyyət daşıyır. Qadınların rəhbərlik etdiyi yaşıl təşəbbüslər və kənd kooperativləri üçün regional şəbəkələrin genişləndirilməsi də ümumi işimizə böyük töhfə verəcəkdir.
Sonda vurğulamaq istərdim ki, iqlim dəyişikliyi ilə mübarizədə uğur yalnız texnologiyalardan deyil, həm də ədalət və bərabərliyə əsaslanan cəmiyyətin qurulmasından asılıdır. Qadınların imkanlarının genişləndirildiyi, ailələrin qorunduğu və qayğı əməyinə dəyər verildiyi bir dünyada yaşıl keçid yalnız mümkün olmayacaq, həm də uzunmüddətli və dayanıqlı olacaqdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Qiymət Mahir