Şuşadan Kərkükə uzanan qadın mübarizəsi Ankarada müzakirə olundu

Şuşadan Kərkükə uzanan qadın mübarizəsi Ankarada müzakirə olundu
17.11.2026 17:38 Tədbirlər

Türkiyənin paytaxtı Ankarada Şuşa, Kərkük və Ankara arasında tarixi və mədəni bağlar, qadınların cəmiyyətin müxtəlif sahələrində rolu, hüquq və azadlıqları, eləcə də onların ictimai-siyasi proseslərdə iştirakı müzakirə olunub.

TodayPress TV-nin Türkiyə bürosu xəbər verir ki, noyabrın 16-da Türkiyə Azərbaycan Dostluq İşbirliyi və Dayanışma Vəqfi (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə “Şuşa – Kərkük – Ankara: Doğunun öncü kadınları” (Şuşa – Kərkük – Ankara: Şərqin öncü qadınları) adlı beynəlxalq simpozium keçirilib.


TADİV-in Şuşa Konqres Salonunda baş tutan tədbir Türkiyə, Azərbaycan və İraqdan qadın nümayəndələri, alimləri, hüquqşünasları və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirib.

“Keçmişdən gələcəyə” yanaşması ilə təşkil olunan simpoziumun əsas məqsədi qadınların hüquq, təhsil, siyasət, mədəniyyət və ictimai transformasiya sahələrində öncül rolunu diqqətə çatdırmaq, tarixi təcrübələr əsasında müasir dövrün problemlərinə ortaq həll yolları axtarmaq olub.

Tədbirdə görkəmli türk hüquqşünası və qadın hüquqları müdafiəçisi Süreyya Ağaoğlunun irsi xüsusi diqqət mərkəzində saxlanılıb. Şuşa, Kərkük və Ankaranın tarixi-mədəni yaddaşı kontekstində qadınların ortaq dəyərləri, qarşılaşdıqları maneələr və gələcək nəsillər qarşısında məsuliyyətləri müzakirə edilib.


Üç ölkədən qadın liderlər bir araya gəlib

Simpozium çərçivəsində keçirilən “Üç qadim coğrafiyadan üç öncü qadın səsi” adlı xüsusi sessiyada Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sadakat Kahramanova, İraq Baş nazirinin qadın məsələləri üzrə müşaviri Ala Talabani və Türkiyə Böyük Millət Məclisinin Qadın Kişi Fürsət Bərabərliyi Komissiyasının sədri, AK Partiyanın Sakarya millət vəkili Çiğdem Erdoğan çıxış ediblər.

“Şüreyya Ağaoğlunun mirası və Doğunun öncü qadınları” adlı akademik paneldə isə professor, doktor Şule Şefika Erçetin, vəkil Sema Aksoy, Betül Akman və Sanem Arıkan mövzu ilə bağlı fikir və qiymətləndirmələrini bölüşüblər.

Proqram çərçivəsində Süreyya Ağaoğlunun həyatından bəhs edən qısametrajlı film nümayiş etdirilib, plaket və hədiyyələr təqdim olunub. Tədbir “Qarabağ – Kərkük – Ankara nəğmələri” adlı mini konsertlə davam edib.


Ankara Bəyannaməsi ictimaiyyətə təqdim olunub

25 noyabr – Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən simpoziumda qadınların zorakılıqdan qorunması, təhsil və ədalətə çıxışı, qərar qəbuletmə proseslərində iştirakı, müharibə və məcburi köç şəraitində üzləşdikləri problemlər də diqqətə çatdırılıb.

Tədbirin yekununda qadın hüquqları, təhlükəsizliyi və ictimai həyata bərabər iştirakı ilə bağlı ortaq çağırışları əks etdirən Ankara Bəyannaməsi ictimaiyyətə açıqlanıb.

Bəyannamənin Türkiyə, Azərbaycan və İraq başda olmaqla müxtəlif ölkələrdən olan qadınlar arasında davamlı dialoqun və əməkdaşlıq platformasının formalaşmasına töhfə verməsi hədəflənir.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər