TƏCİLİ! Şamaxı növbəti dəfə silkələndi: Azərbaycanı güclü zəlzələ gözləyir?

Cəmiyyət

12.01.2026 13:20

Son günlər ölkə ərazisində seysmik aktivlik müşahidə olunur. Belə ki, Şamaxı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb. Yanvarın 10-da Şamaxıda 3.8 maqnitudalı zəlzələ baş vermişdi.

Mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli TodayPress TV-yə açıqlamasında bildirib ki, hər gün müxtəlif gücdə yeraltı təkanlar qeydə alınır.

Onun sözlərinə görə, bu cür zəif və xırda seysmik təkanlar təhlükə mənbəyi hesab edilmir. 

"11 yanvar saat 23:00-dan 12 yanvar səhər saat 09:00-dək olan müddətdə 32 zəif zəlzələ baş verib və bu təkanların heç biri əhali tərəfindən hiss olunmayıb. Kiçik zəlzələlər Yer qabığında yığılan gərginliyin tədricən boşalmasına səbəb olur. Bu da daha güclü və dağıdıcı zəlzələlərin baş vermə riskini azaldır".

Baş direktor vurğulayıb ki, yeraltı enerjinin mərhələli şəkildə çıxması Yer kürəsinin özünü tənzimləmə mexanizminin bir hissəsidir və bu proses seysmik baxımdan müsbət hal sayılır:

"Seysmik proseslər daim mütəxəssislər tərəfindən izlənilir və hazırkı vəziyyət əhali üçün hər hansı təhlükə yaratmır. Mərkəz tərəfindən müşahidələr fasiləsiz davam etdirilir və hər hansı risk yarandığı təqdirdə ictimaiyyət operativ şəkildə məlumatlandırılacaq", - deyə Qurban Yetirmişli fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qurban Yetirmişli,Baş Direktor,Seysmik,Zəlzələ,Todaypress.tv,