ŞOK! Azərbaycana 8 min tabut buna görə gətirilibmiş – VİDEO
Cəmiyyət
10.01.2026 12:00
Azərbaycana Çindən 8 min tabutun gətirilməsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Məsələ bir neçə istqamətdə sual doğurub.
Görəsən, ölkəmizdə ağac emalı sahəsi mövcud olduğu halda, niyə 8 min tabut idxal olunub?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bu barədə Today Press TV-yə danışarkən bildirdi ki, əgər məhsulun maya dəyəri ölkədə istehsal olunan zaman kənardan gətirilməklə müqayisədə daha baha başa gəlirsə, o zaman bu məhsulun ölkəyə idxalı məqsədəuyğundur:
"Mən düşünürəm ki, Çin Xalq Respublikasında əhalinin çoxluğu və geniş işçi qüvvəsinin mövcudluğu səbəbindən həmin tabutların istehsalı daha ucuz başa gəlir. Bu da yerli istehsala müraciət edilməməsinə, əvəzində tabutların xaricdən ölkəmizə gətirilməsinə səbəb ola bilər. Hesab edirəm ki, bu məsələ iqtisadi baxımdan ətraflı hesablanmalı və aparılan hesablamalara əsasən mövqe müəyyənləşdirilməlidir".
Digər tərəfdən bilirik ki, müsəlman ölkələrində bəzi istisnalar olmaqla vəfat edən şəxslər kəfənlə dəfn edilirlər.
İlahiyyatçı Elşad Miri mövzunun bu istiqamətindən Today Press TV-yə danışarkən bildirdi ki, Azərbaycanın dünyəvi dövlət olduğunu unutmamalıyıq:
"Bildiyiniz kimi, dünyanın müxtəlif ölkələrində və fərqli yerlərində insanların vəfat etdikdən sonra yandırılması üçün xüsusi tabutlardan istifadə olunur. Gələcəkdə qanunvericilikdə baş verə biləcək dəyişikliklər nəticəsində əcnəbi vətəndaşların və ya fərqli şəkildə vəsiyyət edən şəxslərin də bu formada yandırılması mümkün ola bilər. Digər tərəfdən, eyni məsələ tabutda dəfn olunma kimi fərqli formalarla da bağlı ola bilər. Bu hallarda heç kim buna qadağa qoya və ya bunun qarşısını ala bilməz".
Qafqaz müsəlmanları idarəsinin əməkdaşı Samid Quliyev isə qeyd etdi ki, müsəlman ölkələrində də insanın nəşi tabutla dəfn edilə bilər.
"Müsəlman ölkələrində bəzi istisna hallarda insan nəşi tabutla dəfn edilə bilər. Azərbaycanda isə təkcə müsəlmanlar deyil, katoliklər, pravoslavlar və yəhudilər də yaşayır və onların dini inanclarına görə tabutla dəfn edilməsində heç bir problem yoxdur. Hətta İslam şəriətində də zərurət olduqda tabutla dəfn hallarına rast gəlinir".
Sözügedən mövzu ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrəndik və
Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. Ətraflı süjetdə:
Vüsalə Nəciyeva
Türkan İsgəndərli
TodayPress TV
tag: Elşad Miri,İlahiyyatçı,Vüqar Oruc,AQC,Todaypress.tv,
