Qiymətlər artır: Tikinti bazarını nə gözləyir?

Cəmiyyət

09.01.2026 17:15

"Tikinti materialları bazarında qiymət artımı tendensiyası bu il də davam edəcək". 

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, tikinti materiallarının qiymətlərində artım əsasən mövsümi xarakter daşıyır və hər il ilin əvvəlindən etibarən, xüsusilə yaz-yay ayları ərəfəsində bu proses daha aydın hiss olunur:

"Tikinti fəaliyyətinin aktivləşməsi bazarda tələbatı artırır və bu da qiymətlərə birbaşa təsir göstərir. Azərbaycanda istifadə olunan tikinti materiallarının böyük hissəsi idxal olunur. Xarici bazarlarda qiymət artımı, loqistik xərclər və gömrük rüsumları daxili bazarda da qiymətlərin yüksəlməsinə səbəb olur. Daxili istehsal isə bütün tələbatı tam ödəmədiyindən bazar idxaldan asılı vəziyyətdə qalır".

Sədr vurğulayıb ki, daxili istehsal olunan tikinti materiallarının da maya dəyəri artmaqdadır. Enerji daşıyıcılarının və yanacağın bahalaşması istehsal xərclərini yüksəldir və bu, yerli məhsulların qiymətinə də təsirsiz ötüşmür:

"Maya dəyəri artdıqca, daxili istehsal olunan materialların qiymətlərində də artım qaçılmaz olur. Hər il mövsümi dəyişikliklər fonunda qiymətlərdə enmə və artımlar müşahidə olunsa da, ilin yekununda tikinti materialları bazarında ümumi artım qeydə alınır. Adətən payız və qış aylarında nisbi ucuzlaşma baş verir, yaz və yayda isə tikinti işlərinin genişlənməsi qiymətləri yenidən yüksəldir".

Vüqar Oruc 2026-cı ildə də bu tendensiyanın davam edəcəyini qeyd edib. O, “Bakı Baş Planı 2040” çərçivəsində planlaşdırılan genişmiqyaslı layihələrin tikinti materiallarına tələbatı daha da artıracağını deyib. Qəzalı və köhnə binaların sökülməsi, yeni yaşayış və infrastruktur layihələrinin icrası, park və abadlıq işləri bazarda aktivliyi artıracaq əsas amillər sırasındadır.

"Həm xarici, həm də daxili amillər qiymət artımına təsir göstərir. Gömrük xərcləri, əməkhaqlarının yüksəlməsi, yanacağın bahalaşması və istehsal xərclərinin artması nəticəsində tikinti materiallarının qiymətlərində illik orta hesabla 10-15 faiz artım müşahidə olunur. Əsas konstruktiv materiallar – sement, armatur, qum, taxta və digər əsas məhsullar hər il əvvəlki ilə nisbətən bahalaşır, yalnız tikintidə az istifadə olunan bəzi materiallar sabit qala bilir", - deyə ekspert fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Vüqar Oruc,AQC,Tikinti,Bazar,Todaypress.tv,