Qərbi Azərbaycana qayıdış sənədlər və faktlarla əsaslandırılmalıdır!
Cəmiyyət
16.01.2026 11:27
"Qərbi Azərbaycana qayıdış yalnız fikirlər və şüarlar səviyyəsində qala bilməz, bu proses sənədlər, mənbələr və tarixi faktlar əsasında əsaslandırılmalıdır".
TodayPress TV xəbər verir ki, bunu "Tarixi Yurda Qayıdış" konfransında Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdış dəyişilməyən bir amaldır. Lakin əsas məsələ bu qayıdışın necə və hansı əsaslarla həyata keçirilməsidir.
O vurğulayıb ki, Vətən müharibəsindən sonra Azərbaycanın əldə etdiyi qələbə ölkənin gələcək strateji mərhələsinə tətbiq olunmalı idi və bu istiqamətdə əsas xətt Prezident İlham Əliyev tərəfindən müəyyən edilib.
O, Ermənistanda və bəzi dairələrdə səsləndirilən “Cənubi Qafqazda yeni düzən” iddialarını da təkzib edib:
"Yeni düzən deyil, yeni mərhələ var. Azərbaycan tarixi reallığı bərpa edir. Biz heç vaxt bizə aid olmayan coğrafiyada öz köklərimizi axtarmamışıq. Qərbi Azərbaycana qayıdışın guya Ermənistan üçün “ekzistensial təhlükə” olması ilə bağlı yanaşmaları da əsassızdır. Azərbaycanlıların qayıdışı erməni xalqının mövcudluğuna qarşı deyil. SSRİ dövründə Ermənistan əhalisi 3,5 milyon idi, bu gün isə 1,8 milyona düşüb. Bunun Azərbaycanla əlaqələndirilməsi absurddur. Bu gün Bakının səsi bütün səslərdən, hətta kilsə zənglərindən də yüksək çıxır".
Əziz Əlibəyli Azərbaycan və Ermənistanın multikultural mühitini müqayisə edərək bildirib ki, Azərbaycanda müxtəlif xristian konfessiyalarına məxsus kilsələr fəaliyyət göstərdiyi halda, Ermənistanda dini müxtəliflik faktiki olaraq mövcud deyil.
Türkan İsgəndərli
tag: Əziz Əlibəyli,Qərbi Azərbaycan,Qayıdış,Faktlar,Todaypress.tv,
