Qərbi Azərbaycana qayıdış ən mühüm vəzifələrimizdəndir – Deputat
Cəmiyyət
16.01.2026 11:43
"Tarix unudulduqda təkrarlanır və Azərbaycan tarix boyu torpaq iddiaları və işğallarla üz-üzə qalıb".
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov “Tarixi Yurda Qayıdış” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan və havadarlarının əsas məqsədi vaxtilə Qərbi Azərbaycan, İrəvan, Zəngəzur və Qarabağı mərhələli şəkildə işğal etməklə bütün Azərbaycanı nəzarət altına almaq olub.
Ceyhun Məmmədov vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və Prezident İlham Əliyevin qətiyyətli yanaşması nəticəsində bu planlar puça çıxıb və Azərbaycan öz torpaqlarını azad edib.
"Azərbaycan sülh tərəfdarıdır, lakin gələcəkdə oxşar təhlükələrin təkrarlanmaması üçün bu gün mövcud imkanlardan düzgün istifadə olunmalıdır. Hazırda Azərbaycanın öz həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün real fürsətləri var və bu proses artıq nəticə verməkdədir".
Deputat deyib ki, Qarabağ işğaldan azad edildikdən və Qərbi Azərbaycana qayıdışla bağlı güclü ictimai hərəkat başladıqdan sonra beynəlxalq mühitdə də münasibət dəyişməyə başlayıb. O bildirib ki, artıq dünya reallığı qəbul edir, Qarabağ Azərbaycandır.
"Qərbi Azərbaycana qayıdışın təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları və alimlər də fəal iştirak edirlər".
Parlamentari beynəlxalq təbliğatda kitabların, sənədli filmlərin və xarici dillərdə nəşrlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Millət vəkili əlavə edib ki, ermənilər uzun illər saxta məlumatlar və uydurma əsərlər vasitəsilə təbliğat aparıblar və Azərbaycan buna faktlar, arxiv sənədləri və elmi əsərlərlə cavab verməlidir.
"İşğal dövründə təxminən 500 qəbiristanlıq və 400 məscid dağıdılıb, İrəvan və ətraf ərazilərdə Azərbaycan mədəni irsi sistemli şəkildə məhv edilib. Bu faktların beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir".
Türkan İsgəndərli
tag: Ceyhun Məmmədov,Deputat,Qərbi Azərbaycan,Qayıdış,Todaypress.tv,
