Kanalizasiya problemi niyə həllini tapmır?
Cəmiyyət
09.01.2026 17:37
Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibə zamanı səsləndirdiyi mühüm məsələlərdən biri də kanalizasiya və içməli su sistemlərinin idarə olunması olub. Dövlət başçısı güclü yağışlar zamanı hələ də ciddi problemlərin yaşandığını qeyd edərək, bu sahədə yeni yanaşmalara və iri infrastruktur layihələrinə ehtiyac olduğunu vurğulayıb. O, həmçinin Azərbaycanda ilk dəfə duzsuzlaşdırma qurğusunun qurulacağını və bunun içməli suya olan böyük tələbatın ödənilməsində mühüm rol oynayacağını bildirib.
Məsələ ilə bağlı ekoloq Cavid Hüseynov TodayPress TV-yə bildirib ki, mövzu çox aktualdır və kompleks yanaşma tələb edir.

Onun sözlərinə görə, su-kanalizasiya sistemlərinin idarə olunması və duzsuzlaşdırma qurğusu ilə bağlı proqram mövcud vəziyyət üçün çox əhəmiyyətli ola bilər:
"Hazırda, xüsusilə Bakı və ətraf yaşayış məntəqələrində istismar müddətini başa vurmuş köhnə kanalizasiya xətlərinin mövcudluğu, yağış sularının məişət kanalizasiyası ilə qarışması, nasos stansiyalarının və kollektorların çatışmazlığı səbəbindən güclü yağışlar zamanı tunellərdə, yeraltı keçidlərdə, küçə və həyətlərdə subasmalar baş verir. Qəbul ediləcək proqram strateji baxımdan çox zəruridir".
Ekoloq vurğulayıb ki, bu proqram təkcə texniki layihə kimi deyil, ekoloji, iqtisadi və idarəetmə aspektləri ilə birlikdə həyata keçirilməlidir:
"Əgər müasir texnologiyalar tətbiq olunsa, mərhələli və şəffaf icra aparılsa, həm Bakı, həm də regionlar əhatə olunsa, bu proqram ölkənin su təhlükəsizliyi və şəhər dayanıqlığı üçün əhəmiyyətli dərəcədə faydalı ola bilər. Proqram çərçivəsində yağış suları üçün ayrıca drenaj sistemlərinin qurulması, köhnə xətlərin yenilənməsi, ağıllı idarəetmə və monitorinq sistemlərinin tətbiqi bu problemləri kökündən həll etmək potensialına malikdir".
Cavid Hüseynov qeyd edib ki, bu tip proqramların uğuru təkcə tikinti işləri ilə deyil, idarəetmə modeli (vahid və şəffaf idarəetmə, məsul qurumlar arasında səlahiyyət bölgüsü, texniki xidmətin davamlılığı, ictimai nəzarət və s.) ilə ölçülür. Onun fikrincə, əgər idarəetmə düzgün qurulmasa, ən müasir sistemlər belə qısa müddətdə effektivliyini itirə bilər.
Türkan İsgəndərli
tag: Cavid Hüseynov,Ekoloq,Kanalizasiya,İçməli su,Todaypress.tv,
