"İqlim" elm-istehsalat müəssisəsində fəhlələrin əməkhaqları kəsilir?
Cəmiyyət
10.01.2026 20:32
"İqlim" elm-istehsalat müəssisəsində çalışan fəhlələrin əməkhaqları və iş şəraiti ilə bağlı ciddi problemlər mövcuddur.
Bu barədə TodayPress TV-yə məlumat verilib.
Qeyd olunub ki, müəssisədə rəsmi iş saatı 08:00–17:00 olaraq göstərilsə də, işçilərə əvəzçilik adı altında sənəd yazdırılaraq hər gün əlavə 2 saat işlədilir.
Həmin əlavə iş saatlarının ödənişi isə əməkhaqqına daxil edilmir və rəsmi şəkildə qeydə alınmır.
İddialara görə, fəhlələrin aylıq maaşları cəmi 650–750 manat arasında dəyişir ki, bu da həm işin ağırlığına, həm də faktiki işlənən saatlara uyğun deyil.
Bundan əlavə, işçilər şənbə günü işə çağırılır, buna görə əlavə ödəniş ediləcəyi bildirilsə də, bu vədlər yerinə yetirilmir. Hətta bəzi işçilərdən öz dillərindən kağız alınaraq bazar günü də işə çıxmaları təmin edilir.
Eyni zamanda 2025-ci ilin dekabr ayında işçilərin razılığı və yazılı müraciəti olmadan əməkhaqları avans adı ilə iki hissəyə bölünüb.
Maaşın iki dəfəyə köçürülməsi nəticəsində hər köçürmədə bank komissiyası tutulub və nəticədə hər bir işçinin maaşından təxminən 130–140 manat məbləğində əsassız pul çıxılıb. Bu qərarla bağlı işçilərə əvvəlcədən rəsmi məlumat verilməyib.
Qeyd edilən halların əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu deyən işçilər aidiyyəti qurumlardan məsələnin obyektiv araşdırılmasını və onların əmək hüquqlarının qorunmasını xahiş edirlər.
Vüsalə Nəciyeva
tag: "İqlim" elm-istehsalat müəssisəsi,İşçi,Ödəniş,Fəhlə,Todaypress.tv,
