Elşad Miri: “Qurandakı bu ifadə yanlış anlaşılmalara yol açır”

Cəmiyyət

09.01.2026 14:20

“İnsanların ümid yeri kimi falçılara müraciət etməsi cəhalətin ən pis səviyyəsdir”.

Bu fikirləri TodayPress TV-yə açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib.

Onun sözlərinə görə, falçılıq nə dini, nə də elmi əsaslara söykənir və bu cür fəaliyyətlər tamamilə uydurmadır:

“Əgər falçıların özləri nəyisə bilsəydilər, fal açmağa, insanları aldatmağa ehtiyac qalmazdı. İnsanların taleyi, alın yazısını dəyişmək ümidi ilə onlara üz tutması tam əsassızdır. İslamda falçı, kahin və arraf anlayışları mövcuddur və bu anlayışların mahiyyəti eynidir. Müasir dövrdə isə bu anlayışlar “ekstrasens”, “cadu”, “cadu açma” kimi adlarla təqdim olunur ki, bu da mahiyyət etibarilə eyni yanlış inancın davamıdır. Bu cür adlar dəyişsə də, məzmun dəyişmir və onların heç birinin dini dayanağı yoxdur”. 

İlahiyyatçı bəzi dini mətnlərin yanlış təfsir olunmasının da bu cür inancları qidalandırdığını vurğulayıb.   

O əlavə edib ki, “Qurani-Kərim”in bəzi tərcümələrində yer alan ifadələr düzgün anlaşılmadıqda cəmiyyətdə yanlış təsəvvürlər formalaşır və bu da falçılıq kimi batil inanclara zəmin yaradır:

“Qurani-Kərim”in bəzi tərcümələrində yer alan “düyünlərə üfürən qadınların şərindən” ifadəsi belə yanlış anlaşılmalara yol açır. Belə bir məntiq formalaşır ki, guya düyünlərə kişilər üfürsə, bu məqbul sayılar. Bu isə açıq şəkildə səhv yanaşmadır və yanlış təfsirlərin nəticəsidir. Falçılığa marağın artması cəmiyyətdə mənəvi boşluğun və düzgün dini maarifləndirmənin zəifliyinin nəticəsidir. Allaha şərik qoşmaq kimi ciddi dini problemlərə gətirib çıxara bilər”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Belə ki, Yasamal rayonu, 20 Yanvar metrostansiyası ərazisində, “Melissa Group” yaşayış kompleksinə yaxınlıqda yerləşən bir falçının yaşadığı evin həyətində yaranan növbə ictimai maraq doğurub.  

Paylaşımın həmin ərazidə yaşayan sakinlərdən biri tərəfindən edildiyi bildirilir. Sakinlərin sözlərinə görə, sözügedən şəxsin qapısında həftənin müəyyən günləri kişilər, digər günlərdə isə qadınlar toplaşır. Toplaşmanın əsasən səhər saat 09:00–10:00 aralığında müşahidə olunduğu qeyd edilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elşad Miri,İlahiyyatçı,Falçı,Allah,Todaypress.tv,