DİQQƏT! Paytaxtda bu evlərin qiyməti bahalaşacaq
Cəmiyyət
05.02.2026 15:03
"Bakıda yeni metro stansiyalarının tikintisi paytaxtın daşınmaz əmlak bazarında qiymətlərin dəyişməsinə səbəb ola bilər".
Əmlak eksperti Ramil Osmanlı bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, metro stansiyalarının açılması qısamüddətli deyil, mərhələli şəkildə həyata keçirilən bir prosesdir və təsiri də zamanla özünü göstərəcək:
"Hər hansı ərazidə infrastrukturun yenilənməsi və ictimai nəqliyyat imkanlarının genişlənməsi mənzil qiymətlərinə birbaşa təsir edən əsas amillər sırasındadır. Bu baxımdan yeni metro stansiyalarının tikilməsi həmin ərazilərin cazibədarlığını artırır və daşınmaz əmlaka marağı yüksəldir".
Ekspert əlavə edib ki, burada əsas rol oynayan faktor yalnız əlçatanlığın artması deyil, bütövlükdə infrastrukturun yenilənməsi prosesidir. Yəni yol, kommunikasiya, sosial obyektlər və nəqliyyat imkanlarının yaxşılaşması daşınmaz əmlakın dəyərinə birbaşa təsir göstərir:
"Metro stansiyalarının açılışına yaxınlaşdıqca və ya tikinti prosesi irəlilədikcə, həmin ərazilərdə yerləşən mənzillərin, eləcə də digər daşınmaz əmlak növlərinin qiymətlərində artım müşahidə olunacaq. Bu artım həm satış, həm də kirayə bazarında özünü göstərə bilər".
Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək olan Baş Planına əsasən, metropolitenin intensiv inkişafı nəzərdə tutulub.
Türkan İsgəndərli
tag: Ramil Osmanlı,Ekspert,Ev,Bahalaşma,Todaypress.tv,
