Yollar bağlandı, supermarketlərdə ərzaq azalır - İtaliyada nə baş verir?
İtaliyada küçə iğtişaşları ilə yanaşı, genişmiqyaslı tətillər və etiraz aksiyaları da başlayıb. Aksiyalar nəqliyyatın hərəkətinə və ərzaq təchizatına ciddi təsir göstərir.
TodayPress TV xəbər verir ki, Genuyada “Ilva” metallurgiya zavodunun 500-dən çox əməkdaşı mümkün ixtisarlara etiraz olaraq hava limanının uçuş zonasını tutub. Etirazçılar iş yerlərinin qorunacağına dair təminat tələb edirlər. Bununla belə, hava limanı fəaliyyətini davam etdirir və sərnişinlərin təyyarələrə minməsi üçün keçid açıq saxlanılıb.
Neapolda isə yük maşını sürücüləri və fermerlər dizel yanacağının qiymətinin kəskin artmasına etiraz olaraq kommersiya limanına gedən yolları bağlayıblar. Yanacağın bir litrinin qiyməti təxminən 2,30 avroya çatıb.
Bundan başqa, Milan–Neapol avtomobil yolunda hərəkət məhdudlaşdırılıb. Roma istiqamətində isə 8 kilometrə çatan tıxaclar yaranıb.
Etirazlar ölkənin cənub bölgələrini də əhatə edib. Potensa yaxınlığında yük maşınları yolları bağlayıb, Siciliyada isə avtomobil yolları və limanların fəaliyyəti məhdudlaşdırılıb.
Logistikada yaranan problemlər artıq ərzaq təchizatına da təsir göstərib. Böyük supermarket şəbəkələri təzə məhsulların çatışmazlığı ilə bağlı məlumat verməyə başlayıblar.
Kübra Musayeva