Çirkab sular Xəzəri boğur: Yeni layihələr nəyi dəyişəcək?
Cəmiyyət
12.01.2026 17:54
Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib ki, dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Dövlət başçısı əlavə edib ki, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Sadiq Həsənov bildirib ki, Bakıda kanalizasiya və çirkab suların təmizlənməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.

Hazırda Bakı şəhəri üzrə 3-4 əsas istiqamətdə yeni layihələrə start verilib.
Onun sözlərinə görə, layihələrin əsas istiqamətlərindən biri Dərnəgül-Bakıxanov-Hövsan aerasiya və təmizləmə məntəqəsini əhatə edir:
"Bir istiqamət Dərnəgül, Bakıxanov, Hövsan təmizləmə məntəqəsi və aerasiya qurğusudur. Digər istiqamət isə Zığdan Hövsanadır ki, bu tamamilə yeni bir xəttdir. Lökbatan istiqamətində, Xırdalan şəhəri də daxil olmaqla, çirkab suların təmizlənməsi üçün ayrıca istiqamət götürülüb. Digər bir xətt isə Lökbatan qəsəbəsi, Badamdar və 20-ci sahəni əhatə edəcək".
Ekoloq əlavə edib ki, bu layihələrin ən mühüm yeniliyi Azərbaycanda ilk dəfə olaraq çirkab sular üçün xüsusi tunellərin çəkilməsidir:
"İlk dəfədir ki, Azərbaycanda çirkab suların təmizlənməsi üçün tunellər çəkilir. Bu tunellər təxminən 2-2,5 metr hündürlüyündədir. Avropa ölkələrində bu cür sistemlər hələ 16-18-ci əsrlərdə mövcud olub. Bu baxımdan layihə çox müsbət və əhəmiyyətlidir. Hazırda Bakıda çirkab suların təmizlənməsi əsasən sovet dövründə tikilmiş Hövsan aerasiya qurğusu vasitəsilə aparılır və bu qurğu artıq köhnəlib. Dənizə axıdılan suların cəmi 10–15 faizi təmizlənir. Qalan hissə isə həm kanalizasiya, həm də sənaye suları kimi birbaşa Xəzər dənizinə axıdılır".
Mütəxəssis vurğulayıb ki, bu vəziyyət Xəzər dənizinin flora və faunasına ciddi ziyan vurur:
"Bu çirkab sular dənizin canlı aləminin məhv olmasına, balıqların sıradan çıxmasına, müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Həmin ərazilərdə tutulan balıqların istehlakı isə insan sağlamlığı üçün də risk yaradır. Çirkab suların tərkibi son dərəcə təhlükəlidir. Bu sular üzvi və qeyri-üzvi maddələrlə, fosfor, xlor, karbohidrogenlər və hətta ağır metallar kimi zəhərli elementlərlə zəngindir. Çünki sənaye suları da kanalizasiya sularına qarışır. Hövsan aerasiya qurğusunun təkmilləşdirilməsi və suların yenidən təmizlənərək istifadəyə verilməsi Bakı üçün strateji əhəmiyyət daşıyır.
Ekspertin fikrincə, xüsusilə Hövsan ərazisi üçün bu layihə ətraf mühit baxımından həlledici əhəmiyyətə malikdir:
"Çirkab suların əsasən axıdıldığı bu ərazidə dənizin təmizlənməsi Xəzərin fauna və florasının bərpasına, ekoloji vəziyyətin yaxşılaşmasına ciddi töhfə verəcək", - deyə Sadiq Həsənov fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Sadiq Həsənov,Ekoloq,Çirkab su,Xəzər,Todaypress.tv,
