Azərbaycan əhalisi azalır: Ailələr niyə dünyaya daha az uşaq gətirir?

Cəmiyyət

25.12.2025 17:46

Son illər Azərbaycanda ailələrdə uşaq sayının azalması müşahidə olunur. Keçmiş dövrlərlə müqayisədə bu gün bir çox ailə bir və ya iki uşağa üstünlük verir. 

Bəs çoxuşaqlıdan azuşaqlıya keçidə səbəb nədir?

Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov TodayPress TV-yə bildirib ki, hər bir dövrə uyğun ailə quruluşu mövcuddur və ailədə uşaq sayı təsadüfi qərarların nəticəsi deyil. 


Onun sözlərinə görə, cəmiyyətlər müasirləşdikcə ailə institutu da dəyişir və çoxuşaqlı ailə modeli tədricən əvvəlki əhəmiyyətini itirir:

"Ailədə uşaq sayının azalmasını bəzən yalnız iqtisadi amillərlə əlaqələndirirlər və elə düşünülür ki, uşaqpulu kimi mexanizmlərlə bu prosesi dəyişmək olar. Lakin ailə quruluşu bu cür inzibati və ya maliyyə tədbirləri ilə formalaşan bir struktur deyil".

Sosioloq vurğulayıb ki, ailədə övlad sayının dəyişməsinə təsir edən amillər kifayət qədər çoxşaxəlidir. Bunlara valideynliyə qoyulan tələblərin artması, övlad qayğısının mahiyyətinin dəyişməsi, demoqrafik proseslər, nikaha daxilolma yaşı, qadınların təhsil və karyera sahəsində fəallığının artması daxildir:

"Müasir azərbaycanlı ailələrin böyük əksəriyyətinin ideal ailə modeli iki uşaqdan artıq övlad nəzərdə tutmur və bu yanaşmada hər hansı neqativ məna axtarmaq düzgün deyil. Əgər əvvəlki dövrlərdə bir uşağın böyüdülməsi üçün əsas şərt onun qidalanması və təhlükəsizliyi idisə, bu gün valideynlər övladlarının gələcəkdə rəqabət qabiliyyətli fərd kimi yetişməsi üçün daha yüksək standartlar qarşıya qoyurlar".

Ekspert əlavə edib ki, bu yanaşma əslində müsbət tendensiyadır. Belə ki, bir və ya iki uşağın keyfiyyətli təhsil, bacarıq və sosial imkanlarla təmin edilməsi valideynlərdən daha çox resurs tələb edir və bu da ailələrin uşaq sayı ilə bağlı qərarlarına təsir göstərir.

"Azərbaycanda nuklear, yəni yalnız valideynlər və övladlardan ibarət ailə modellərinin artması da bu prosesi sürətləndirir. Bu ailə quruluşunda uşağa qayğının təşkili daha çətin olur və əvvəlki dövrlərdə mövcud olan geniş ailə modelini bərpa etməyə çalışmaq nə real, nə də effektivdir. Müasir dövrdə bu tip ailə quruluşu bir zərurətdir və öz-özlüyündə neqativ hal kimi qiymətləndirilə bilməz. Dövlət və ya digər sosial aktorların keçmiş ailə modellərini geri qaytarmaqla bağlı gözləntiləri düzgün yanaşma deyil", - deyə Hüseyn İbrahimov fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Hüseyn İbrahimov,Sosioloq,Azərbaycan,Əhali,Todaypress.tv,