Astaradan Bakıya şikayət – AYNA sakinlərə belə cavab verdi
Cəmiyyət
25.12.2025 18:18
Astara rayonunda sakinlər Rövşən Abdullayev, İstiqlaliyyət və Nuru Paşa küçələrinin kəsişməsində yol hərəkətinin təşkili ilə bağlı ciddi problemlərdən narahatdırlar.
TodayPress TV-yə daxil olan şikayətə əsasən, sözügedən ərazilərdə hərəkətin üstünlüyünü müəyyən edən heç bir yol nişanı – nə “Üstün yol”, nə də “Yol ver” nişanı mövcuddur. Bu isə sürücülər arasında çaşqınlıq yaradır və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Sakinlərin sözlərinə görə, bu küçələr dairəvi yol üzərində yerləşsə də, nişanların olmaması səbəbindən “kim kimə yol verməlidir” sualına heç kim dəqiq cavab verə bilmir. Nəticədə sürücülər öz bildikləri kimi hərəkət edir, bu da tez-tez qəzalara yol açır.
Sakinlər problemlə bağlı dəfələrlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin
(AYNA) qaynar xəttinə müraciət etsələr də, indiyədək ərazidə yol hərəkətinin düzgün təşkili üçün hər hansı real tədbir görülməyib.
Biz də öz növbəmizdə mövzu ilə əlaqədar AYNA-ya sorğu ünvanladıq. Qurumdan bildirildi ki:
“Vətəndaşın müraciətinə tərəfimizdən 16.12.2025-ci il tarixində cavab verilib.
Aparılan araşdırmalar zamanı Astara rayonu Rövşən Abdullayev ilə Nizami Gəncəvi küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti üzrə üstünlük halları müşahidə edilməyib.
Qanunvericiliyə əsasən, yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Bu səbəbdən, Rövşən Abdullayev və Nizami Gəncəvi küçələrinin kəsişməsində üstünlük yol nişanlarının quraşdırılması məqsədəuyğun hesab edilməyib.
Bununla belə, Nuru Paşa və İstiqlaliyyət küçələrində müvafiq çatışmazlıqların aradan qaldırılması məqsədilə zəruri yol nişanlarının quraşdırılması məqsədəuyğun hesab edilib. Yol nişanlarının təşkili prosedura uyğun olaraq görüləcək işlər siyahısına əlavə edilib və mərhələli şəkildə icra ediləcək”.
Türkan İsgəndərli
tag: AYNA,Astara ,Nuru Paşa ,Dairəvi yol,Şikayət,Todaypress.tv,
