Aliment ödəməyənlərin DİQQƏTİNƏ! Cəzalar sərtləşdirilir

Cəmiyyət

12.01.2026 17:20

Azərbaycanda aliment ödənişləri ilə bağlı problemlər son illər daha qabarıq şəkildə özünü göstərir. 2025-ci ildə 6 300-dək iş üzrə aliment ödənişi həyata keçirilməyib, ötən il icraatda olan 142 minə yaxın aliment işindən təxminən 47 minində isə ödənişlər gecikmə ilə yerinə yetirilib.

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı TodayPress TV-yə açıqlamasında alimentlərin ödənilməməsinin əsas səbəblərinin obyektiv və subyektiv amillərlə bağlı olduğunu bildirib:


"Təəssüf ki, son vaxtlar belə halların sayı artır və bunun müxtəlif səbəbləri var. Mən hesab edirəm ki, əsas səbəb obyektiv səbəblərdir. Yəni həmin şəxslər ya işsizdir, ya işləmir, ya da hər hansı formada gəliri yoxdur və məcburi səbəbdən alimenti ödəyə bilmir. Mövcud qanunvericilik işsiz şəxslərdən aliment tutulması baxımından yetərli mexanizmlər təqdim etmir. Bu məsələ qanunvericilikdə o qədər də yaxşı tənzimlənməyib. Çünki işsizdən bu vəsaitin tutulması demək olar ki, qeyri-mümkündür".

Sosioloqun sözlərinə görə, bəzi hallarda alimentin ödənilməməsi qəsdən baş verir və bu, psixoloji amillərlə bağlıdır:

"Bəziləri qəsdən ödəmir. Tərəflər arasında düşmənçilik, gərginlik və acıqla alimentdən imtina edənlər var. Bu, mənəvi deqradasiya göstəricisidir. Çünki aliment doğma uşağın yaşaması üçün ödənilən puldur".

Elçin Bayramlı problemin həlli yolu kimi Aliment Fondunun yaradılmasını təklif edib:

"Bu fond dövlət tərəfindən yaradılmalı və alimentlər həmin şəxslərin əvəzinə uşaqlar üçün yaşayış minimumu həcmində ödənilməlidir. Şəxs işlə təmin olunduqdan sonra isə fondun ödədiyi vəsait onun maaşından mərhələli şəkildə tutulmalıdır. Bu mexanizm bir növ faizsiz borc modeli kimi işləyə və sosial ədaləti təmin edə bilər. Bir çox ölkələrdə bu məsələ belə tənzimlənir. Ona görə də aliment borcu olan şəxslərin işlə təmin olunmasına xüsusi diqqət yetirilməlidir".

Mövzu ilə bağlı vəkil Mircəlal Muradlı da TodayPress TV-yə açıqlamasında alimentin ödənilməməsinin iki əsas səbəbinin olduğunu bildirib:


"Ya şəxs həqiqətən maddi vəziyyətinə görə alimenti ödəyə bilmir, ya da qərəzli mövqe sərgiləyərək qarşı tərəfdən acıq çıxmaq üçün ödəməkdən yayınır. Aliment öhdəliyini yerinə yetirməyənlər üçün qanunvericilikdə ciddi cəzalar nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, icra məmurunun qanuni tələbini yerinə yetirməyən şəxs cərimə oluna və ya bir ayadək inzibati həbs edilə bilər".

Vəkilin fikrincə, bu hallar davamlı xarakter aldıqda cinayət məsuliyyəti də yaranır:

"Əgər şəxs qərəzli şəkildə aliment ödəməkdən yayınmağa davam edərsə, Cinayət Məcəlləsinə uyğun olaraq azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər. Cəza aliment öhdəliyini aradan qaldırmır. Şəxs cəzasını çəkdikdən sonra da aliment ödəməyə borcludur. Öhdəlik davam edir və yenidən yayınma olarsa, təkrar məsuliyyət tətbiq oluna bilər".

Türkan İsgəndərli

TodayPress TV

tag: Elçin Bayramlı,Mircəlal Muradlı,Sosioloq,Vəkil,Todaypress.tv,