Putinlə görüş ərəfəsində Ağ Evə soyuq duş: Amerikalıların 67 faizi Trampın Ukrayna siyasətini niyə bəyənmir?

Putinlə görüş ərəfəsində Ağ Evə soyuq duş: Amerikalıların 67 faizi Trampın Ukrayna siyasətini niyə bəyənmir?
19.11.2026 14:48 Təhlil

Amerikalıların 66 faizi ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətini bəyənmir. Respondentlərin 39 faizi isə Trampın münaqişədə Rusiyaya həddindən artıq üstünlük verdiyini düşünür.

TodayPress TV xəbər verir ki, bu nəticələr “Pew Research Center”in noyabrın 9-dan 15-dək 10 247 yetkin amerikalı arasında keçirdiyi sorğuda əksini tapıb.

Sorğuya əsasən, amerikalıların təxminən 30 faizi Trampın müharibə ilə bağlı mövqeyini dəstəkləyir. Respondentlərin 7 faizi isə onun Ukraynaya həddindən artıq üstünlük verdiyini hesab edir. İştirakçıların 21 faizi ABŞ prezidentinin tərəflər arasında düzgün tarazlıq saxladığını, 33 faizi isə bu barədə dəqiq fikrinin olmadığını bildirib.

Sorğunun nəticələri Trampın cümə axşamı Çində Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazırlaşdığı bir vaxta təsadüf edir.

Araşdırmada ABŞ-ın Ukraynanın özünü müdafiə etməsinə kömək etmək məsuliyyəti daşıyıb-daşımadığı məsələsinə də münasibət öyrənilib. Amerikalıların 49 faizi Vaşinqtonun bu məsuliyyəti daşıdığını düşünür.

Siyasi baxışlara görə fərqlər isə nəzərəçarpacaq dərəcədədir. Demokratların və Demokratlar Partiyasına meyilli müstəqil seçicilərin 65 faizi ABŞ-ın Ukraynaya kömək etməli olduğunu bildirir. Respublikaçıların və bu partiyaya meyilli seçicilərin isə yalnız 34 faizi eyni fikirdədir.

Trampın Rusiyaya üstünlük verdiyini düşünənlərin sayı artıb

Sorğunun nəticələrinə görə, Trampın Rusiyaya həddindən artıq üstünlük verdiyini düşünən amerikalıların payı 2025-ci ilin avqustu ilə müqayisədə 6 faiz bəndi artaraq 39 faizə çatıb. Bununla belə, bu göstərici 2025-ci ilin martında qeydə alınan 43 faizdən aşağıdır.

Respublikaçılar arasında Trampın iki tərəf arasında düzgün tarazlıq saxladığını düşünənlərin sayı azalıb. Avqustda bu fikri bölüşənlərin payı 50 faiz olduğu halda, hazırda 39 faiz təşkil edir. Eyni zamanda, mövqeyini müəyyənləşdirə bilməyən respublikaçıların sayı 31 faizdən 39 faizə yüksəlib.

Demokratların əksəriyyəti isə Trampın Rusiyaya həddindən artıq üstünlük verdiyini düşünür. Bu fikirdə olanların payı 2025-ci ilin avqustunda 59 faiz, martında isə 72 faiz olduğu halda, hazırda 65 faizdir.

Amerikalıların üçdə biri Rusiyanın Ukraynaya hücumunu ABŞ üçün ciddi təhdid sayır

Sorğuda iştirak edənlərin 33 faizi Rusiyanın Ukraynaya hücumunu ABŞ-ın maraqları üçün ciddi təhlükə hesab edir. Bu göstərici son iki ildə ciddi dəyişiklik göstərməyib.

Demokratlar arasında Rusiyanın hücumunu ciddi təhdid hesab edənlərin payı 44 faiz, respublikaçılar arasında isə 21 faizdir.

Trampın müharibə ilə bağlı siyasətinə münasibətdə də partiyalar arasında kəskin fərq mövcuddur. Respublikaçıların 59 faizi onun yanaşmasını dəstəklədiyi halda, demokratların 91 faizi bu siyasəti bəyənmir.

Qeyd edək ki, “Pew Research Center”in araşdırması ABŞ cəmiyyətində Ukrayna müharibəsi ilə bağlı mövqelərin siyasi mənsubiyyətə görə fərqləndiyini göstərir.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər