“Xankəndi”nin baş məşqçisi məğlubiyyətdən sonra komandanın əsas problemini açıqladı
“Xankəndi” klubunun bu mövsüm əsas məqsədi Azərbaycan I Liqasında yerini qorumaqdır.
TodayPress TV xəbər verir ki, bunu “Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfov “Karvan-Yevlax”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirərək komandasının oyuna yaxşı hazırlaşdığını bildirib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib güclü mübarizə apardı. Bu matçda fərdi səhv edən komanda məğlub olacaqdı. Təəssüf ki, uduzan tərəf olduq. Futbolçularımda günah axtarmıram. “Karvan-Yevlax” ötən mövsüm Premyer Liqada mübarizə aparıb. Heyətimizdə ehtiyat futbolçular azdır. Bu mövsüm əsas hədəfimiz liqada qalmaqdır”.
Qeyd edək ki, Azərbaycan I Liqasının VIII turu çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma “Karvan-Yevlax”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, stadionun yenidənqurmadan sonra ev sahibliyi etdiyi ilk rəsmi oyun olub.
Jalə Rövşən