Yalta 2.0? – 1945-ci ilin kölgəsində 2026-cı ilin yeni üçlüyü
1945-ci ilin fevralında Krımın Yalta şəhərində üç lider – Uinston Çörçill, Franklin Ruzvelt və İosif Stalin – dünyanın gələcəyini müzakirə etmək üçün bir araya gəlmişdi. İkinci Dünya müharibəsi hələ başa çatmamışdı, lakin müharibədən sonrakı dünyanın siyasi xəritəsi, Almaniyanın gələcəyi, Şərqi Avropanın taleyi və yeni beynəlxalq təhlükəsizlik sisteminin əsasları artıq həmin masa arxasında müəyyənləşdirilirdi. Qərbin demokratik liderləri ilə sovet diktatoru müharibədən sonrakı nizamın konturlarını cızırdılar. Nəticə isə sonrakı onilliklərin taleyini müəyyənləşdirdi: Soyuq müharibə, dəmir pərdə və ikiqütblü dünya.

Aradan 80 ildən çox vaxt keçib. İndi isə tarixdəki həmin siyasi kompozisiyanı xatırladan yeni mənzərə ilə qarşılaşırıq. Bu dəfə mümkün üçlüyün iştirakçıları Çin lideri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putindir. Yan-yana təqdim olunan fotoşəkillər də məhz bu paraleli yada salır: 1945-ci ilin tarixi kadrı və 2026-cı ilin üç böyük güc lideri. Beləliklə, mühüm sual ortaya çıxır: Dünya yenidən üç böyük gücün liderləri arasında aparılan danışıqların nəticəsində formalaşa bilərmi? Daha dəqiq desək, Avropa bu dəfə də qərarların verildiyi masadan kənarda qala bilərmi?

Yalta konfransında olduğu kimi, bu gün də söhbət dünya siyasətinin əsas güc mərkəzlərini təmsil edən liderlərdən gedir. ABŞ hərbi, maliyyə və texnoloji potensialına görə dünyanın aparıcı gücüdür. Çin iqtisadi və sənaye imkanlarını genişləndirir, eyni zamanda hərbi qüdrətini sürətlə artıraraq Vaşinqtonun qlobal liderliyinə əsas rəqibə çevrilir. Rusiya isə nüvə arsenalı, enerji resursları və hərbi-siyasi təsir imkanları sayəsində beynəlxalq münasibətlər sistemində hesablaşılmalı güc olaraq qalır.

1945-ci ildə də «Böyük Üçlük» öz strateji maraqlarını ön plana çəkmiş, Avropanın gələcəyi ilə bağlı mühüm qərarları əsasən özü müəyyənləşdirmişdi. Fransa belə Yalta konfransında iştirak etmirdi. Bu gün də müəyyən mənada oxşar mənzərə müşahidə olunur. Avropa İttifaqı vahid xarici siyasət mövqeyi formalaşdırmaqda çətinlik çəkir. Üstəlik, ABŞ ilə transatlantik münasibətlərdə yaranan gərginlik Avropanın ənənəvi müttəfiqlik sistemindəki mövqeyini zəiflədir. Ukrayna müharibəsi, enerji təhlükəsizliyi ilə bağlı problemlər və daxili siyasi parçalanmalar isə qitənin qlobal proseslərə təsir imkanlarını daha da məhdudlaşdırır.
Lakin 1945-ci illə bugünkü geosiyasi mənzərə arasında ciddi fərqlər də var.
Həmin vaxt üç lider eyni hərbi-siyasi koalisiyanın üzvü idi. Onları ortaq düşmən – nasist Almaniyası birləşdirirdi. Bu gün isə Si Cinpin, Donald Tramp və Vladimir Putin arasında nə vahid ideoloji platforma, nə də ortaq strateji məqsədlər mövcuddur. Əksinə, onların maraqları bir çox istiqamətlərdə toqquşur.
Çin və Rusiya münasibətlərini «hərtərəfli strateji tərəfdaşlıq» kimi təqdim etsələr də, bu yaxınlığın arxasında qarşılıqlı maraqlar və geosiyasi hesablamalar dayanır. Pekin Moskvanın Qərblə qarşıdurmasından müəyyən üstünlüklər əldə etməyə çalışdığı kimi, Rusiya da Çinin iqtisadi və diplomatik dəstəyindən yararlanır. Bununla belə, iki ölkə arasında güc balansının getdikcə Çinin xeyrinə dəyişməsi gələcək münasibətlər üçün ayrıca suallar doğurur.
Donald Trampın xarici siyasəti isə həm Pekin, həm də Moskva ilə münasibətlərdə sərt rəqabət və sövdələşmə yanaşmasını ön plana çıxarır. Tariflər, sanksiyalar və iqtisadi təzyiq Vaşinqtonun əsas siyasi alətlərindəndir. «America First» doktrinası da ABŞ-nin xarici siyasətində ilk növbədə milli maraqların əsas götürüldüyünü göstərir. Bu yanaşma nə Çinin, nə də Rusiyanın geosiyasi ambisiyaları ilə tam uzlaşır.
Digər mühüm fərq beynəlxalq sistemin özündədir. 1945-ci ildə qalib dövlətlər müharibədən sonrakı dünya nizamını formalaşdırırdılar. Bu gün isə mövcud liberal beynəlxalq sistem ciddi sınaqlarla üz-üzədir. Köhnə qaydalar zəifləyir, lakin onların yerini hansı prinsiplərə əsaslanan yeni nizamın tutacağı hələ də aydın deyil.
Siyasi sistemlər arasındakı fərqlər də diqqətdən kənarda qalmamalıdır. 1945-ci ildə Ruzvelt və Çörçill demokratik dövlətləri, Stalin isə totalitar sovet rejimini təmsil edirdi. Bugünkü mümkün üçlükdə isə Çin və Rusiya avtoritar siyasi sistemlərin rəhbərləri tərəfindən təmsil olunur. ABŞ Prezidenti Donald Tramp isə liberal demokratiyanın daxilində yüksələn populist siyasi xəttin nümayəndəsi kimi çıxış edir. Bu fərqli siyasi baxışlar və idarəçilik modelləri arasında ortaq məxrəcə gəlmək ehtimalını daha da mürəkkəbləşdirir.
Bütün bunların fonunda ən ciddi sual yenə də Avropanın gələcəyi ilə bağlıdır: Avropaya nə qalacaq?
Cavab heç də ürəkaçan olmaya bilər. Əgər böyük güclər arasında dünyanın nüfuz dairələrinə bölünməsinə gətirib çıxaran razılaşma əldə olunarsa, Avropa yenidən geosiyasi sövdələşmənin obyektinə çevrilə bilər. Ukraynanın, Moldovanın, Balkanların və hətta Baltikyanı ölkələrin təhlükəsizliyi böyük dövlətlərin qarşılıqlı razılaşmalarının predmetinə çevrilmək riski ilə üzləşə bilər. Belə bir ssenarinin qarşısını almaq isə Avropanın öz siyasi və hərbi potensialını gücləndirməsindən, vahid mövqe nümayiş etdirməsindən və strateji müstəqilliyini artırmasından asılıdır. Əks halda, qitə 1945-ci ildə olduğu kimi, öz gələcəyinə dair qərarların verildiyi masanın kənarında qala bilər.
Bütün bunlara görə, «Yalta 2.0» paraleli sadəcə tarixi bənzətmə deyil. Bu, beynəlxalq münasibətlər sistemində böyük güclərin yenidən əsas söz sahibi olmaq iddiasının və kiçik dövlətlərin taleyinin onların geosiyasi rəqabətindən asılı vəziyyətə düşməsi riskinin xatırladılmasıdır.
Ancaq bir məqamı da unutmamaq lazımdır: 1945-ci ildə Yaltaya gələn üç lider müharibənin qalibləri idi. Bu gün isə potensial yeni üçlüyün hər birinin öz daxili problemləri, iqtisadi və siyasi məhdudiyyətləri, eləcə də həllini gözləyən geosiyasi ziddiyyətləri var. Onları bir masa arxasında birləşdirə biləcək ortaq məqsədlərin mövcudluğu da sual altındadır.
Buna görə də «Yalta 2.0» ya reallaşması çətin olan geosiyasi ssenari olaraq qalacaq, ya da gerçəkləşəcəyi təqdirdə, daha mürəkkəb, kövrək və təhlükəli beynəlxalq münasibətlər sisteminin formalaşmasına yol açacaq. Ən böyük risk isə budur ki, yeni dünya nizamının qurulması prosesində onun taleyinə birbaşa təsir edən ölkələrin heç də hamısı qərar masasında təmsil olunmaya bilər.
Qiymət Mahir