Moskvadan Helsinkiyə etiraz: Finlandiya diplomatı Rusiya XİN-ə çağırıldı
Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın Moskvadakı müvəqqəti işlər vəkili M. Keytaneni çağırıb, ona rusiyalı vətəndaşlara, o cümlədən idmançılara qarşı tətbiq edilən yeni məhdudiyyətlərlə əlaqədar qəti etiraz bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“19 noyabrda Finlandiyanın Moskvadakı müvəqqəti işlər vəkili M. Keytanen Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Finlandiya tərəfinə Helsinkinin Rusiya vətəndaşlarının, o cümlədən idmançıların ölkəyə girişinə əlavə məhdudiyyətlər tətbiq edilməsi ilə bağlı son qərarına görə qəti etiraz bildirilib”, – deyə nazirlikdən qeyd olunub.
Nazirlikdən vurğulanıb ki, Moskva Helsinkinin bu növbəti qeyri-dost addımını yalnız beynəlxalq idman hərəkatının prinsiplərinə deyil, həm də insan hüquqları sahəsində fundamental normalara zidd olan, milli mənsubiyyətə görə açıq və kobud ayrı-seçkilik kimi qiymətləndirir.
Aysel Mətləb