Çin görüşündəki masadan – dünya ilk mesajını aldı
Beynəlxalq münasibətlər sistemində artıq "Yalta 1945" nizamının sona çatdığını və yeni "Yalta 2.0" konfiqurasiyasının formalaşdığını göstərən simvolik vizuallar qlobal siyasi gündəmin əsas mövzusuna çevrilib. 1945-ci ildə Ruzvelt, Stalin və Çörçillin qurduğu klassik təhlükəsizlik arxitekturasından fərqli olaraq, bu gün dəyirmi masa arxasında ABŞ, Rusiya və Çin liderlərinin simvolik təsviri dünyanın gələcəyi naminə tamamilə yeni oyun qaydalarının işə düşdüyündən xəbər verir.
Bu tarixi və simvolik masa beynəlxalq ictimaiyyətə və qlobal aktorlara artıq öz ilk ciddi mesajlarını ötürüb:

1945-ci il fotosunda mərkəzdə əyləşən ABŞ prezidenti təkqütblü və ya Qərb mərkəzli üstünlüyü simvolizə edirdisə, "Yalta 2.0" təsvirində dəyirmi masanın seçilməsi bərabərhüquqlu tərəfdaşlıq və kompromis axtarışı mesajıdır. Dünyanın gələcəyi artıq bir mərkəzdən deyil, qlobal güclərin ortaq razılaşması ilə idarə olunmalıdır.
Köhnə nizamda Birləşmiş Krallığın tutduğu yeri bu gün Çinin alması, arxa fonda Çin mədəniyyətini əks etdirən tablonun və bayraqların düzülüşünün yer alması onu göstərir ki, Pekin qlobal sabitliyin və gələcək sülh arxitekturasının əsas təminatçılarından birinə çevrilib.
Yalta 1.0 dünyanı "dəmir pərdə" ilə iki düşərgəyə bölərək "Soyuq müharibə"yə yol açmışdısa, bu yeni masa qlobal fəlakətlərin qarşısını almaq, texnoloji və iqtisadi böhranları cilovlamaq naminə "böyük üçlüyün" məsuliyyət daşıdığını bəyan edir.
İsmayıl Şahlı