“Türk” adını eşidən kimi "hay" verirlər - Paşinyan dünyanın ən qəribə xalqını necə xilas edəcək?
Təhlil
14.05.2026 13:02
Ermənilərin ədəbiyyatı çox qorxulu silahdır. Empatiya adı altında, ruhun canlandırılması kimi izah edərək, olmayan tabloları canlı-canlı, bir növ qanı tökülə-tökülə yazırlar.
Nə görüb, nə şahidi olub, amma həyati savaşını bunun üzərində qurur.
Səbəblərini anlamaq, tapmaq üçün elm, tədqiqat, araşdırmalara baxmaq lazımdır.
Əks halda, mümkün olmayan izahlarla tarixin gözünə dik baxmaq olmur.
Ermənilərdə vətən anlayışı həm də psixoloji - əziklik faktoru ilə izah edilir.
Hindistandan – ABŞ-a qədər erməni tapmaq mümkündür və onların hər biri özünü edam kötüyündən son anda xilas olunmuş axırıncı erməninin şəcərəsindən hesab etməsinin izahı da çox çətindir. Deyək ki, 1915-ci il olaylarına münasibətdə Osmanlı – türk nifrəti birləşdirici immunitetə çevrilib, axı XIX əsrdən ABŞ-da və ya ümumiyyətlə, Hindistandan kənara çıxmamış erməni icmasında türk nifrətinin səbəbi nədir?
Ermənilərin düşüncəsində “Böyük Ermənistan” ideyası mühüm yer tutur. Buraya indiki Ermənistanla yanaşı, Türkiyənin şərqində yerləşən Van, Ərzurum, Bitlis, Muş və digər bölgələr də daxil edilir. Ermənilər bu əraziləri “əcdad torpaqları” hesab edir və xüsusilə 1915-ci il hadisələrindən sonra onları “itirilmiş vətən” kimi görürlər.
Bu günlərdə Nikol Paşinyan seçki təşviqatı çərçivəsində əsl inqilab edir, erməni xalqının beyinini təmizləyir, onu məhvə aparan idealları söküb atır və bu radikal görünən addım çox böyük reaksiyaya, müqavimətə səbəb olur.
Dünyanın ən ağıllı ermənisi, “Çevrilmə”nin real qəhrəmanı olmaq üzrədir.
Erməniliyin mahiyyəti təkcə radikal, dağıdıcı enerji ilə ölçülə bilməz.
Axı onu ölümə məhkum edən ideyanın, daşnakçılığın gətirdiyi itkiləri ondan imtina etməklə kompensasiya etmək olmazmı?
Olmazmı ki, türk çəmbərində ona olan nifrətdən imtina edərək sağ qalasan?
Erməni xalqı artmır, çünki doğulmur və törəmirlər.
30 il əvvəl 3 milyon olan xalqın o coğrafiyadakı hazırkı sayı 1.8-ə qədər azalıb.
Bir müddət sonra – 2050-ci ilə qədər 1 milyon həddində sabitləşəcəyi gözlənilir.
O necə ilahi vətəndir ki, özləri belə yaşamaq istəmir.
O necə yaradıcı, qurucu xalqdır ki, bizim torpaqları işğal edəndən sonra bir ağac belə əkmədilər. Ağdamın, Füzulinin görüntüsü nə idi elə?
Belə torpaq qazanmaq, sahib çıxmaq, idarə etmək olardı?
Olmadı da.
Çünki yad nəfəs olduqlarını özlərinin instinkti də duyurdu.
Erməni xalqı hekayəsiz qala bilmir. Nikol Paşinyan onlara həqiqəti deyir, bir gün gücü çatsa, yalançı soyqırımı abidəsini söküb, Qafan dağlarında Dostluq Abidəsi ucaltsa, daha maraqlı olardı. Ermənistanda hazırda iki tarix, iki dünyagörüşü, elə əslində iki dünya döyüşür.
Zavallı olanlar keçmişə, tərəqqi arzu edənlər gələcəyə baxacaq.
Türklər bu coğrafiyanın əsl reallığıdır.
Bu anlayışın ən güclü simvollarından biri Ağrı dağıdır (Ararat). Dağ hazırda Türkiyə ərazisində yerləşsə də, erməni milli şüurunda xüsusi yer tutur. Ararat ermənilər üçün həm tarixi yaddaşın, həm də itirilmiş vətən hissinin simvoludur. Buna görə də erməni gerbində və mədəniyyətində tez-tez istifadə olunur.
Diasporda yaşayan ermənilər üçün “vətən” anlayışı daha fərqli və emosional xarakter daşıyır. ABŞ, Fransa, Livan və digər ölkələrdə yaşayan ermənilər babalarının Osmanlı dövründə yaşadığı torpaqları öz “əsl vətəni” hesab edirlər. Onlar üçün Van, Xarput, Kilikiya kimi yerlər ailə yaddaşının bir hissəsidir. Ermənistan Respublikası isə daha çox “mövcud və qorunan son vətən” kimi qəbul edilir.
Bəzi erməni siyasi dairələri və diaspor təşkilatları “Qərbi Ermənistan” anlayışını itirilmiş torpaq kimi təqdim edir. Xüsusilə Daşnak ideologiyasında bu düşüncə daha güclü hiss olunur.
Sosioloji və psixoloji baxımdan ermənilərdə vətən anlayışı kollektiv yaddaş üzərində qurulub. Burada əsas rol oynayan amillər:
tarixi travma,
itki hissi,
milli kimliyin qorunması,
kilsə və ailə yaddaşıdır.
Diasporda yaşayan ermənilər üçün vətən daha çox mədəni və simvolik məna daşıyır. Ermənistanda yaşayanlar üçün isə bu anlayış təhlükəsizlik, dövlət və sərhəd məsələləri ilə daha çox bağlıdır.
Erməni xalqının sosioloji tədqiqi yalnız Ermənistanın indiki sərhədləri ilə məhdudlaşmır. Çünki erməni kimliyi təkcə vətəndə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan böyük diaspora vasitəsilə formalaşıb. Bu səbəbdən erməni kollektiv identikliyi “multilokal”, yəni çoxmərkəzli xarakter daşıyır. Burada Ermənistan ilə geniş diaspora arasında olan münasibətlər erməni sosial özünüdərkinin əsasını təşkil edir.
Bu identiklik isə daim dəyişən və inkişaf edən bir sosial proqramdır. Onun əsasında isə əsasən tarixi yaddaş, kollektiv xatirələr və siyasi mənsubiyyət hissi dayanır. Müasir erməni kimliyi Hindistandan Venesiyaya, Yaxın Şərqdən ABŞ və Kanadaya qədər müxtəlif coğrafiyalarda formalaşıb. Bu səbəbdən ermənilər arasında daxili sosiomədəni fərqlər də mövcuddur. Xüsusilə Ermənistan daxilində yaşayan şərq erməniləri ilə Qərb diasporasında yaşayan qərb erməniləri arasında həyat tərzi, dil və düşüncə baxımından fərqlər hiss olunur.
Erməni əlifbası 405-ci ildə yaradılıb və erməni xalqı üçün milli kimliyin əsas simvollarından biridir. Uzun əsrlər boyu ermənilərin müstəqil dövləti olmadığı dövrlərdə məhz əlifba, dil və ədəbiyyat onların milli yaddaşını qoruyub saxlamışdır. Buna görə erməni əlifbası həm də kollektiv birliyin mühüm elementi hesab olunur.
Diasporada yaşayan ermənilər üçün də əlifba xüsusi rol oynayır. Xüsusilə Bolqarıstan və digər ölkələrdə yaşayan erməni icmaları arasında yazı sistemi cəmiyyətin daxili həmrəyliyini və milli bağlılığını qoruyan əsas vasitələrdən biri sayılır. Bu səbəbdən əlifba erməni kimliyinin “simvolik kapitalı” kimi qəbul edilir.
Erməni milli şüurunda ən güclü simvollardan biri də Ararat dağıdır. Ağrı dağı hazırda Türkiyə ərazisində yerləşsə də, ermənilər onu “ana torpaq” və “itirilmiş vətən” simvolu kimi görürlər. Ararat erməni gerbində, incəsənətində və kollektiv yaddaşında xüsusi yer tutur. Bu simvol dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri ortaq tarixi yaddaş və “tarixi ədalət” ideyası ətrafında birləşdirən mühüm faktorlardan biridir.
Erməni Apostol Kilsəsi erməni xalqının tarixində təkcə dini qurum olmayıb. Xüsusilə 1375-ci ildə Kilikiya çarlığının süqutundan sonra və 1918-ci ildə Ermənistan Respublikasının yaranmasına qədər keçən təxminən altı əsr ərzində kilsə milli kimliyin qorunmasında əsas rol oynayıb.
Bu dövrdə ermənilər Osmanlı, Səfəvi və Rusiya imperiyalarının tərkibində yaşayırdılar. Dövlətləri olmadığı üçün Erməni Apostol Kilsəsi xalqın dili, təhsili, mədəniyyəti və dini həyatını qoruyan əsas institut funksiyasını yerinə yetirirdi. Buna görə də kilsə çox vaxt “milli identikliyin memarı” kimi xarakterizə olunur.
Müasir Ermənistan rəsmi olaraq dünyəvi dövlət hesab olunur. Lakin Ermənistan Konstitusiyasının 18-ci maddəsində Erməni Apostol Kilsəsinin erməni xalqının mənəvi həyatında “müstəsna missiyası” xüsusi şəkildə qeyd edilir. Bu model dövlət və kilsə arasında əməkdaşlığa əsaslanan xüsusi münasibət formalaşdırır. Kilsə təhsil, ordu və sosial sahələrdə müəyyən təsir imkanlarını qoruyur.
Son illərdə isə Ermənistan hakimiyyəti ilə kilsə arasında münasibətlərdə gərginlik müşahidə olunur. Nikol Paşinyan hökuməti daha çox müasir və neytral vətəndaş identikliyi formalaşdırmağa çalışır.
Mühafizəkar və dini dairələr isə bunu erməni milli dəyərlərinə və ənənəvi kimliyə təhlükə kimi qəbul edirlər. Buna görə də Ermənistan daxilində kilsənin rolu və milli identikliyin gələcəyi ətrafında ideoloji müzakirələr davam edir.
1915-ci il hadisələri erməni identikliyində, xüsusilə diaspora erməniləri üçün ən mühüm və müəyyənedici mövzulardan biri hesab olunur.
Psixoanalitik və sosioloq Vamik Volkan bu cür hadisələri “seçilmiş travma” adlandırır. Bu anlayış müəyyən xalqın tarixində baş vermiş böyük hadisənin nəsillər boyunca kollektiv yaddaşda yaşamasını ifadə edir. Belə travmalar insanları ortaq kədər, alçalma hissi və “ədalət axtarışı” ətrafında birləşdirir.
Erməni cəmiyyətində 1915-ci il hadisələri milli yaddaş və identiklik elementi kimi qəbul olunur. Xüsusilə diasporada bu travma ermənilərin özlərini qoruma, birləşmə və milli bağlılığı gücləndirmə vasitəsinə çevrilmişdir.
Araşdırmalara görə, kollektiv travmalar yalnız tarix kitabları vasitəsilə ötürülmür. Bu yaddaşı onlar ailə hekayələri, dini mərasimlər, məktəb təhsili, mədəniyyət və ictimai mühit vasitəsilə nəsildən-nəslə keçirirlər.
Müasir erməni nəsli üçün Qarabağ münaqişəsi 1915-ci ildən başlayan “sağ qalma” və “milli mübarizə” hissinin davamı kimi qəbul olunur.
Birinci Qarabağ müharibəsində əldə olunan qələbə erməni cəmiyyətində tarixi qisas və milli uğur hissi yaratmışdı. Lakin 2020-ci ildəki məğlubiyyət erməni cəmiyyətində ciddi psixoloji və identiklik böhranına səbəb oldu. Xüsusilə diasporada bu hadisələr emosional travma kimi qəbul edildi.
Diaspora gəncləri arasında Qarabağ məsələsi çox vaxt “post-yaddaş” anlayışı ilə izah olunur. Bu termin o deməkdir ki, müharibəni şəxsən yaşamayan yeni nəsil həmin hadisələri ailə hekayələri, media, məktəb və kollektiv yaddaş vasitəsilə mənimsəyir və onları şəxsi travma kimi hiss edir.
Erməni diasporu dünyadakı ən böyük və ən təşkilatlanmış diasporalardan biri hesab olunur.
Hazırda Ermənistan xaricində yaşayan ermənilərin sayı ölkə daxilində yaşayanlardan daha çoxdur.
Maraqlı məqamlardan biri Ermənistan daxilində diasporaya münasibətdir. Bəzi hallarda Yerevanda yaşayan insanlar diaspora ermənilərini “potensial ermənilər” kimi görürlər. Yəni onların “əsl ermənilik” statusu milli yaddaşı, dili və mədəniyyəti nə qədər qorumasından asılı hesab olunur.
Bu düşüncədə kənddə yaşayan, ənənələri qoruyan erməni çox vaxt “ideal erməni” obrazı kimi təqdim edilir. ABŞ və Qərb diasporasında yaşayan ermənilər isə daha çox assimilyasiya və peşəkar uğur nümunəsi kimi göstərilir.
Cənubi Qafqazda münaqişələrin formalaşmasında təhsil və məktəb dərslikləri mühüm rol oynayır. Ermənistan, Azərbaycan və Türkiyədə məktəb proqramlarında “biz” və “onlar” anlayışları üzərində qurulan anlayışlar geniş istifadə olunur.
Ermənistan dərsliklərində diqqət milli azadlıq və sağ qalma mübarizəsinə yönəldilir. Türklər tez-tez tarixi qəddarlıq prizmasından təsvir olunur. Bədii ədəbiyyatda və kütləvi şüurda türk obrazı "düşmən qonşu" olaraq qalır.
Cənubi Qafqaz gənclərinin (14–29 yaş) tədqiqi üzə çıxarmışdır ki, erməni gənc nəsli gürcülər və azərbaycanlılarla müqayisədə valideyn nəsli ilə ən yüksək varislik dərəcəsi və sovet keçmişinə ən pozitiv münasibət nümayiş etdirir.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı
tag: Paşinyan,Ermənilər,Türk,Ermənistan,Todaypress.tv,
