İdman zalına getmədən əzələ artırmaq mümkün olacaq

İdman zalına getmədən əzələ artırmaq mümkün olacaq
28.08.2026 15:48 Sağlamlıq

Çinli alimlər gələcəkdə idman etmədən əzələ kütləsini artırmağa imkan verə biləcək yeni üsul hazırlayıblar.

TodayPress TV xəbər verir ki, “South China Morning Post”un məlumatına görə, tədqiqatçılar xüsusi əzələ hüceyrələrini dərinin altına yerləşdirərək onların orqanizmdə tam funksional əzələ toxumasına çevrilməsinə nail olublar.

Alimlər bu üsulu “miotransplant” adlandırırlar. Siçanlar üzərində aparılan təcrübələr zamanı yalnız əzələ kütləsinin artdığı müşahidə edilməyib. Təcrübə heyvanlarında sümük sıxlığı, fiziki dözümlülük, qaraciyər funksiyası və idrak qabiliyyətlərində də yaxşılaşma qeydə alınıb.

Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəkdə Alzheimer xəstəliyi, osteoporoz və yaşlanma ilə bağlı digər problemlərin müalicəsində istifadə oluna bilər.

Ən maraqlı ehtimallardan biri isə bu texnologiyanın gələcəkdə əzələ kütləsini artırmaq istəyən, lakin müntəzəm idman edə bilməyən insanlar üçün tətbiq edilməsidir.

Araşdırmanın müəllifləri bildirirlər ki, metodun insanlarda nə dərəcədə təhlükəsiz və effektiv olduğu hələ məlum deyil. Bunun üçün klinik sınaqların keçirilməsi lazımdır.

Çin Elmlər Akademiyasının Zoologiya İnstitutunun professoru Nq Şi-Çanqın sözlərinə görə, məqsəd fiziki məşqlərin faydalı təsirlərini təqlid etmək və eyni zamanda onun ürək və oynaqlara yaratdığı yükü azaltmaqdır.

Alimlər həmçinin müəyyən ediblər ki, bu əzələ transplantları orqanizmdə “canlı biofabrik” kimi fəaliyyət göstərə bilər. Onlar gələcəkdə diabetin müalicəsində və çəkiyə nəzarətdə istifadə olunan GLP-1 kimi terapevtik zülalların istehsalında da tətbiq oluna bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər