Çempionun oğlu sürəti ilə heyrətləndirir: “Formula-1” arzusu gerçəyə çevrilir
“Formula-1” üzrə dünya çempionu Kimi Raykkonenin 11 yaşlı oğlu Robin Raykkonen artıq bu il karyerasında növbəti addımı ata bilər.
TodayPress TV xəbər verir ki, gənc kartinq pilotunun xaç atası və ailənin yaxın dostu Cino Rozato onun yarış akademiyalarından birinə qoşulması ehtimalından danışıb.
Rozatonun sözlərinə görə, hazırda Robin üçün müxtəlif variantlar qiymətləndirilir. Lakin ailə qərar verməyə tələsmir və əsas məqsədin uşağın gələcəyi üçün ən doğru proqramı seçmək olduğu vurğulanır.
“Ferrari” ilə mümkün əməkdaşlıq barədə suala Rozato “Bu, sürprizdir” cavabını verib.
Rozato qeyd edib ki, Robin üçün əsas məsələ məşhur soyadından deyil, düzgün mühit və proqramdan faydalanmaqdır:
“Biz uşaq üçün ən yaxşı olanı etməliyik, soyad üçün ən yaxşı olanı yox. Soyad qapıları açır. Amma əmin olmalıyıq ki, o, düzgün proqrama və düzgün insanların əhatəsinə düşməklə həmin qapıları açıq saxlaya biləcək. Ümid edirəm, bu il bununla bağlı böyük xəbərlər açıqlayacağıq”.
Kimi Raykkonen və həyat yoldaşı Minttu isə oğullarının karyerasına kifayət qədər təmkinli yanaşırlar. Rozatonun sözlərinə görə, Kimi bu məsələdə realistdir və oğluna həddindən artıq təzyiq göstərmir.
Rozato Robinlə atasının xarakteri və sükan arxasındakı davranışları arasında oxşarlıq olduğunu da qeyd edib. O, 11 yaşlı pilotu “mini-Kimi” adlandırıb.
“Çox sakitdir. Çox sakit. Və sürətlidir. Onu qar arabasında, motosikletdə və hidrosikldə görmüşəm. O, təbiətən sürətlidir. Səhərdən axşama qədər düşündüyü yeganə şey budur. Kimi bunu onun beyninə yeritməyib”, - deyə Rozato bildirib.
O əlavə edib ki, plan Robin üçün əvvəlcə yarış akademiyasına qoşulmaq, daha sonra isə mərhələli şəkildə “Formula-4”, “Formula-3”, “Formula-2” və nəhayət “Formula-1”ə yüksəlməkdir. Bununla belə, bütün qərarlar Robinin öz istəyindən və nəticələrindən asılı olacaq.
Namiq HUN