Federer geri dönür? Əfsanə arzuladığı rəqibi açıqladı
İsveçrəli 20 qat “Böyük dəbilqə” çempionu Rocer Federer hazırkı tennisçilərdən hansı ilə nümayiş matçında qarşılaşmaq istədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Federer Karlos Alkarası xüsusilə qeyd edib.
Əfsanəvi tennisçi Alkaras və Yannik Sinnerlə heç vaxt rəsmi oyunda qarşılaşmadığını, yalnız onların karyeralarının ilk illərində birlikdə məşq etdiyini bildirib.
“Karlos Alkarasla oynamaq istəyirəm – o, çox parlaq tennisçidir. Nə onunla, nə də Yannik Sinnerlə qarşılaşmaq imkanım oldu. Onlar hələ yüksəliş mərhələsində olarkən bir neçə dəfə birlikdə məşq etdik. Təəssüf ki, dizimdəki problemlər səbəbindən həmin nəslin bir hissəsini qaçırdım”.
Federer Novak Cokoviçlə nümayiş matçının da maraqlı ola biləcəyini söyləyib:
“Əlbəttə, Novak Cokoviç də əla variant olardı. O, hələ də yüksək səviyyədə oynayır və turda qalmağa davam edir. Bu, çox gözəldir”.
Federer Alkarasın kortlara qayıtmasından da məmnun olduğunu vurğulayıb və ispaniyalı tennisçiyə uğurlar arzulayıb.
“Karlosun qayıtmasını görmək xoşdur. Bərpa oluna bildiyinə görə şadam. Görək, özünü necə hiss edəcək. Ona ən yaxşısını arzulayıram. Amma onunla necə oynayacağımı düşünməyə ehtiyac yoxdur, çünki mən turnirin iştirakçı siyahısında deyiləm”, – Federer mətbuat konfransında deyib.
Karyerasını 2022-ci ildə başa vuran Federer 2026-cı il “US Open” çərçivəsində azarkeşlər həftəsində iki nümayiş matçında iştirak edib. Əvvəlcə Endi Rodiklə bir set oynayan isveçrəli 6:3 hesabı ilə qalib gəlib. Daha sonra Con Makinroy ilə cütlükdə Andre Aqassi və Rodikə qarşı oyunda 7:5 hesablı qələbə qazanıb.
Namiq HUN