Azərbaycanda erməni dili tədris olunacaq: "Gələcəkdə diplomatlarımız üçün vacib olacaq"
"Regionda dəyişən geosiyasi reallıqlar fonunda erməni dilini bilən yerli kadrların yetişdirilməsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir".
Bunu TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O, Bakı Slavyan Universitetində (BSU) 2026-2027-ci tədris ilindən etibarən erməni dilinin tədrisinə başlanılmasını yüksək qiymətləndirib. Deputatın fikrincə, belə bir ixtisasın yaradılması xüsusi önəm və əhəmiyyət daşıyır:
"Nəzərə alsaq ki, Slavyan Universiteti müxtəlif dillər üzrə mütəxəssislər hazırlayan bir universitetdir, burada erməni dilinin tədrisinin də həyata keçirilməsi olduqca önəmlidir. Çünki bu istiqamətdə bizim ehtiyacımız var. Bəli, Ermənistanla sülhə doğru gedirik. Lakin gələcəkdə erməni dilini bilən mütəxəssislərə ehtiyacımız olacaq. Onlar gələcəkdə Ermənistanda diplomat kimi və ya Azərbaycanın müxtəlif dövlət və digər qurumlarında ölkəmizi təmsil edən şəxslər kimi fəaliyyət göstərə bilərlər. Bu baxımdan, məsələ xüsusi önəm və əhəmiyyət daşıyan bir istiqamət kimi qiymətləndirilməlidir".
Parlamentari həmçinin qeyd edib ki, bu təcrübənin bütün ali təhsil müəssisələrinə şamil edilməsinə lüzum yoxdur, əsas diqqət peşəkar kadr potensialının formalaşdırılmasına yönəldilməlidir:
"Təbii ki, bunun Azərbaycanın bütün universitetlərində həyata keçirilməsinə ehtiyac yoxdur. Burada ən vacib məsələlərdən biri mütəxəssislərin hazırlanmasıdır. Hesab edirəm ki, mütəxəssislərin yetişdirilməsi istiqamətində addımlar atmalıyıq".
Ölkədəki pedaqoji və kadr imkanlarına toxunan millət vəkili mövcud çətinlikləri və qarşıda duran vəzifələri də diqqətə çatdırıb:
"Bu gün, həqiqətən də, mütəxəssis baxımından müəyyən çətinliklərlə üzləşə bilərik. Mütəxəssislərimiz var, amma bu istiqamətdə daha çox mütəxəssisin cəlb olunması, onların bu sahədə çalışması və prosesə öz töhfələrini verməsi xüsusi önəm və əhəmiyyət daşıyır", - deyə Ceyhun Məmmədov qeyd edib.
Türkan İsgəndərli