Müllerdən iddialı proqnoz: “Bavariya”ya rəqib yoxdur!
Hazırda “Vankuver Uaytkeps”də çıxış edən “Bavariya”nın sabiq hücumçusu Tomas Müller 2026/2027-ci illər mövsümündə Bundesliqada çempionluq mübarizəsi ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.
Müller hesab edir ki, qarşıdakı mövsümdə Almaniyada “Bavariya” ilə rəqabət apara biləcək komanda yoxdur.
“Vinsant Kompaninin rəhbərliyi altında “Bavariya” arxayınlaşmayacaq. O, hər şeyi ciddi nəzarətdə saxlayacaq. Amma gələn mövsüm Almaniyada “Bavariya” ilə rəqabət apara biləcək heç bir komanda görmürəm. Yəqin ki, “Bavariya” ötən mövsümdə olduğu kimi, təxminən 89 xal toplayacaq. Başqa bir komandanın buna yaxın nəticə göstərəcəyini düşünmürəm”, – Müller deyib.
Alman futbolçu “Bayer”in 2023/2024-cü illər mövsümündə 90 xal toplamasının istisna olduğunu vurğulayıb. Onun sözlərinə görə, Dortmund “Borussiya”sı, “Leypsiq” və “Bayer” ənənəvi titul namizədləri olaraq qalırlar. Müller “Ştutqart”ı da iddialı komanda hesab edir.
“Yeni “Bayer”in ortaya çıxacağını düşünmürəm. “Borussiya” yaxşı çıxış edəcək. Əlbəttə, “Bavariya” uğursuzluğa düçar olsa, onlar lider olmaq ambisiyasına sahibdirlər. Amma bu baş verməyəcək”, – deyə Müller bildirib.
Müller “Bavariya”nın İsmael Saybari və Natanyel Braunun transferlərinə də toxunub. Onun fikrincə, bu keçidlər Münhen klubunun heyəti daha da gücləndirmək niyyətində olduğunu göstərir.
Namiq HUN