Bakı aeroportunda "Elektron qapı sərhəd nəzarəti sistemi" istifadəyə verildi
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanında "Elektron qapı sərhəd nəzarəti sistemi" (avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya sistemi) istifadəyə verilib.
TodayPress TV xəbər verir ki, bu sistem Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşlarının sərhəd nəzarətindən daha sürətli və rahat şəkildə keçməsinə imkan yaradır.
Elektron qapı vasitəsilə sərhəd nəzarəti prosesi əsas mərhələlər üzrə avtomatlaşdırılmış qaydada həyata keçirilir. Sərnişin şəxsiyyət sənədini müvafiq oxutma qurğusuna təqdim etdikdən sonra sənəddəki məlumatlar sistem tərəfindən avtomatik oxunur, aidiyyəti informasiya sistemləri üzrə zəruri yoxlamalar aparılır və biometrik məlumatlar əsasında şəxsin eyniləşdirilməsi həyata keçirilir.
Bütün məlumatların uyğunluğu təsdiq edildikdə elektron qapı avtomatik açılır və sərnişinin sərhəd nəzarətindən keçidi tamamlanır. Sözügedən proses elektron qapı vasitəsilə təxminən 20 saniyə ərzində həyata keçirilir.
Sistemin tətbiqi sərhəd nəzarətinin əsas mərhələlərinin avtomatlaşdırılmasına, sərnişinlərin sərhədkeçmə məntəqələrində gözləmə müddətinin azaldılmasına, nəzarət prosedurlarının çevikliyinin və səmərəliliyinin yüksəldilməsinə, eləcə də insan amilinin minimuma endirilməsinə şərait yaradır.
"Elektron qapı sərhəd nəzarəti sistemi" ilkin mərhələdə Heydər Əliyev Beynəlxalq Hava Limanının ölkəyə gəlmə zalında istifadəyə verilib.
Növbəti mərhələdə sistemin digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi nəzərdə tutulur.