Tiflis özünü dost kimi aparmır – Əli Orucov

Tiflis özünü dost kimi aparmır – Əli Orucov
08.10.2026 17:19 Təhlil

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan və Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası üzrə işlərin davam etdiriləcəyini, xüsusilə Keşikçidağ (David Qaredci) kompleksi ilə bağlı həssas məsələnin Bakı ilə dostluq münasibətləri çərçivəsində həll olunacağını bəyan etməsi Cənubi Qafqazın diplomatik gündəmini yenidən hərəkətə gətirdi.

Regionda strateji tərəfdaşlıq modelinin uğurlu nümunəsi sayılan Azərbaycan-Gürcüstan münasibətlərində bu açıqlama illərdir dondurulmuş və zaman-zaman siyasi spekulyasiyalara yol açan düyünün açılması istiqamətində vacib siqnaldır. Bəs iki müttəfiq ölkə arasında sərhədin hansı hissələri hələ də razılaşdırılmayıb və bu məsələ 30 ilə yaxındır niyə tam yekunlaşmır?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələr üzrə analitik Əli Orucov bildirib ki, Gürcüstanla Azərbaycanı təxminən 446 km-lik sərhəd xətti ayırır ki, bunun da 260 kilometri delimitasiya və demarkasiya olunub. Bu, ümumi sərhəd xəttinin üçdə ikisini təşkil edir:

“Qalan 166 kilometrlik sərhədin delimitasiya və demarkasiya olunmasını çətinləşdirən bir sıra faktorlar mövcuddur. Belə ki, keçmiş SSRİ dövründə müxtəlif illərdə tərtib olunan xəritələrdə şərti sərhədlərlə bağlı kəskin ziddiyyətlər ortaya çıxır. Həmçinin mürəkkəb və sərt relyef həmin sərhədlərin dəqiqləşdirilməsində problemlər yaradır. Ancaq həssas nöqtə Gürcüstanın Qurucu David adlandırdığı, Azərbaycana məxsus Keşikçidağ tarixi-mədəni kompleksinin yerləşdiyi ərazilərdir. Tiflis həmin tarixi abidəyə iddia edir. Hətta bunun əvəzində ərazi mübadiləsi də təklif olunur. Lakin Keşikçidağ kompleksinin və yerləşdiyi ərazinin strateji və tarixi-mənəvi əhəmiyyəti onu vazkeçilməz edir.


Təəssüflə qeyd etmək istəyirəm ki, ara-sıra şovinist gürcülər nəinki Keşikçidağa, həmçinin Qax, Zaqatala və Balakən rayonlarına da əsassız iddia irəli sürürlər. Keşikçidağ ətrafında Gürcüstanın təxribatı səbəbindən süni gərginliklərin yaradılmasına da cəhd göstərilib. Həmin xətt artıq siyasi məsələyə çevrilib.

Bu yaxınlarda Gürcü patriarxı Keşikçidağda aparılan təmir-bərpa işlərinə qarşı çıxaraq heç bir beynəlxalq hüquq normasına, mehriban qonşuluq və dostluq ruhuna uyğun olmayan tərzdə Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etmək istədi. Zərərli və qızışdırıcı mövqe sərgilədi və bəyanatlar verdi”.

Ə.Orucov əlavə edib ki, Gürcüstanın Baş naziri İ. Kobaxidze ilk növbədə bu kimi “təşəbbüslərin” və hərəkətlərin qarşısını almalıdır. Əgər doğrudan da dostluq münasibətlərinin davam etdirilməsi və dərinləşməsi istənilirsə, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, onun tarixini, maddi və mədəni sərvətlərini mübahisələndirməkdən qaçmalıdır:

“Bakının bu mənada qətiyyətini və iradəsini təqdir edirəm və düşünürəm ki, bir qarış torpaq, hər nə olursa-olsun, kimsəyə güzəşt edilməməlidir. Rəsmi şəxslərin verdiyi açıqlamalardan təxmin etmək olar ki, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiya işləri yaxın zamanlarda davam etdiriləcək və ciddi insident olmadan yekunlaşacaq.

Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, Gürcüstanla Azərbaycan arasındakı “Qırmızı Körpü” Sərhəd Buraxılış Məntəqəsində də Gürcüstan ərazilərimizə daxil olub. Bu hal da müzakirə predmetinə çevrilməlidir. Eyni pozuntu Sadıxlı kəndi ərazisində də baş verib. Bütün bunların hamısı dəqiqləşdirilməlidir. Tiflis dost deyir, amma özünü bir çox hallarda dost kimi aparmır”.

Qiymət Mahir

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər