Musialanın səhhəti ilə bağlı mühüm görüş: Yeni detallar ortaya çıxdı
“Bavariya” klubunun fəxri prezidenti Uli Höness 2026-cı ilin avqustunda, yarımmüdafiəçi Camal Musialanın nümayəndələri ilə Tegernze gölü yaxınlığında görüş keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sport Germany” jurnalisti Florian Plettenberqin “X” sosial şəbəkəsində məlumat yayıb.
Görüş futbolçunun xəstəliyi ictimaiyyətə açıqlanmamışdan və “Leypsiq”lə “Haydenhaym”a qarşı yoldaşlıq oyunlarında iki dəfə huşunu itirməsindən əvvəl baş tutub.
Mənbənin bildirdiyinə görə, həmin vaxt Hönessə Musialanın səhhətinin vəziyyəti barədə məlumat verilib. Danışıqlar müsbət və qarşılıqlı etimad şəraitində keçib.
Bununla belə, futbolçunun çıxışında uzunmüddətli geriləmə olacağı təqdirdə müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı heç bir razılaşma əldə edilməyib. Tərəflər arasında yazılı və ya şifahi hər hansı vəd də verilməyib.
Digər tərəfdən, Musiala “Köln”lə oyunda meydana qayıtdıqdan sonra məşqlərə də davam edib. Ötən bazar ertəsi komandanın məşqinin son hissəsini buraxan yarımmüdafiəçi artıq çərşənbə axşamı kollektivlə məşqlərə qoşulub. Onun çərşənbə günü “Bavariya”nın “Lill”lə səfər oyununun iştirak ərizəsinə daxil ediləcəyi gözlənilir.
Bundan əlavə, bazar günü Münhen klubunun nümayəndələri ilə futbolçunun tərəfi arasında yenidən əlaqə saxlanılıb.
“Bavariya”nın yarımmüdafiəçisi Yoşua Kimmix isə bazar günü azarkeşlər klubuna səfəri zamanı Musialanın vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina edib və bu barədə çərşənbə günü danışacağını bildirib.
Namiq HUN