SEPAH Rza şaha görə Pezeşkianı "dara çəkir"
İran Prezidenti Məsud Pezeşkian inqilabdan əvvəlki dövrdə ölkənin ucqar bölgələrində tətbiq olunan əməkhaqqı siyasətindən danışaraq diqqətçəkən müqayisə aparıb.
TodayPress TV xəbər verir ki, Pezeşkian atasının İslam inqilabından əvvəl Qərbi Azərbaycanda təxminən 400 tümən maaş aldığını, özünün isə orta təhsilli olduğu halda Sistan və Bəlucistanda işləyərkən 1800 tümən qazandığını bildirib.
Prezidentin sözlərinə görə, həmin dövrdə ucqar bölgələrdə çalışan işçilərə daha yüksək əməkhaqqı verilməsi bu ərazilərə kadrların cəlb olunmasına xidmət edirdi.
Pezeşkian hazırkı vəziyyəti tənqid edərək bildirib ki, bu gün daha yüksək maaşlı vəzifələr, maliyyə vəsaitləri əsasən paytaxtda cəmləşir. Nəticədə ucqar bölgələr kadr çatışmazlığı və iqtisadi geriliklə üzləşir.
O, ölkədə həm əməkhaqqının müəyyənləşdirilməsində, həm də maliyyə resurslarının bölgüsündə ədalətsizlik olduğunu vurğulayıb.
Qeyd edək ki, Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə, 1963-1977-ci illərdə İran iqtisadiyyatı sürətli inkişaf mərhələsi yaşayıb. “Encyclopaedia Iranica”nın məlumatına görə, həmin dövrdə real ÜDM-in orta illik artımı təxminən 10,5 faiz təşkil edib. Sənaye, infrastruktur və kənd təsərrüfatına investisiyalar artırılıb.
Hazırda isə İran yüksək inflyasiya, milli valyutanın dəyər itirməsi və iqtisadi çətinliklərlə üzləşir. Noyabrın 23-nə olan məlumata görə, ölkənin sərbəst valyuta bazarında 1 ABŞ dolları təxminən 2 milyon 687 min rial səviyyəsindədir.
Pezeşkianın inqilabdan əvvəlki iqtisadi siyasətə istinad etməsi İslam Respublikasının onilliklərdir vəd etdiyi regional inkişaf və sosial ədalət məsələlərini yenidən gündəmə gətirib.
Türkan İsgəndərli