Kim görüş üçün dəridən-qabıqdan çıxan Trampı belə rədd etdi
Şimali Koreya lideri Kim Çen In ötən il ABŞ Prezidenti Donald Trampın onunla birbaşa əlaqə yaratmaq cəhdlərinə dəfələrlə cavab verməyib.
TodayPress TV xəbər verir ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, Kim diplomatik kanallarla göndərilən şəxsi məktubu belə qəbul etməyib.
Məlumata görə, mövcud kommunikasiya kanalları vasitəsilə cavab ala bilməyən Tramp məktubu Şimali Koreyanın Manhettendə yerləşən
nümayəndəliyi vasitəsilə Kimə çatdırmağa çalışıb. Ağ Ev rəsmiləri məktubun Şimali Koreya diplomatına təqdim edilməsi üçün xüsusi qrup təşkil ediblər. Lakin diplomatın məktubu açmadan BMT-də keçirilən görüş zamanı amerikalı nümayəndənin qarşısına qoyaraq geri qaytardığı bildirilir.
Trampın son Asiya səfəri zamanı Kim Çen Inla görüş təşkil etmək cəhdi də nəticəsiz qalıb. Bildirilir ki, Pxenyan Vaşinqtonun qəbul edə bilməyəcəyi şərtlər irəli sürüb.
Şimali Koreyanın mövqeyinin sərtləşməsinin əsas səbəblərindən biri ölkənin nüvə arsenalının genişlənməsidir. 2019-cu ildə Tramp və Kim arasında keçirilən son görüşdən sonra Pxenyanın nüvə başlıqlarının sayının 20–30-dan təxminən 60-a yüksəldiyi təxmin edilir. Şimali Koreya, həmçinin ABŞ ərazisinə çata bilən qitələrarası ballistik raketlərin hazırlanmasında irəliləyiş əldə edib.
Bu vəziyyət Vaşinqton üçün danışıqları çətinləşdirir. Pxenyan artıq nüvə silahından imtina etmək üçün danışıqlar aparan tərəf kimi deyil, nüvə dövlət statusunun tanınmasını tələb edən ölkə kimi çıxış edir. Nüvə imkanlarının genişlənməsi isə Şimali Koreyanın ABŞ qarşısında güzəştə getmək marağını azaldır.
Jalə Rövşən