Gürcü Kilsəsi Ukraynanın müstəqil Pravoslav Kilsəsini tanımayacaq - İDDİA
Gürcü Pravoslav Kilsəsinin yüksək vəzifəli nümayəndəsi Ukraynanın müstəqil Pravoslav Kilsəsinin tanınmayacağını Moskva Patriarxı Kirillə bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Pravoslav Kilsəsinin rəsmi məlumatında qeyd olunub.
Məlumata görə, Gürcü Patriarxı III Şionu təmsil edən mitropolit Teodor Çuadze noyabrın 21-də Moskvada Kirillin 80 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində onunla görüşüb.
Görüş zamanı Çuadze Gürcü Pravoslav Kilsəsinin kilsə qanunlarına daim riayət etdiyini və bu mövqeyini qoruyacağını bildirib.
“Gürcü Pravoslav Kilsəsində biz həmişə kilsə qanunlarına sadiq olmuşuq və bundan sonra da belə olacağıq. Kahinlik təyinatı almamış hər hansı bir şəxsi tanımağımız bizim üçün tamamilə qəbuledilməzdir və heç bir təzyiq qarşısında geri çəkilməyəcəyik”, – deyə o, Kirillə bildirib.
Rusiya Patriarxlığının məlumatına əsasən, gürcü nümayəndə heyətinin üzvü Kirillin pravoslavlığı müdafiə etməkdə nümayiş etdirdiyi mövqeyi də yüksək qiymətləndirib və onun üçün dua edəcəklərini söyləyib.
Qeyd edək ki, Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyi (avtokefaliyası) 2019-cu ildə Konstantinopol Patriarxlığı tərəfindən tanınıb. Gürcü Pravoslav Kilsəsi isə indiyədək bu qərarı tanımayıb.
Türkan İsgəndərli