Mendeş uğrunda transfer savaşı: PSJ-dən astronomik maaş!
“Barselona” PSJ və Portuqaliya millisinin müdafiəçisi Nunu Mendeşi heyətinə qatmaq istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Bildirilib ki, Kataloniya klubu 24 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırıb. “Barselona” Mendeşi Paris təmsilçisindən ayrılmağa razı salmaq, hətta onun transfer tələbi ilə çıxış etməsinə nail olmaq istəyib.
Məlumata görə, kataloniyalılar portuqaliyalı müdafiəçinin PSJ ilə yeni müqavilə imzalamasından əvvəl ona təklif göndərməyi planlaşdırıblar. Bu vəziyyət PSJ-nin baş məşqçisi Luis Enrikeni hərəkətə keçirib. O, klub prezidenti Nasser Əl-Xelaifidən məsələyə operativ müdaxilə etməsini istəyib.
PSJ futbolçunun “Barselona”ya mümkün keçidlə bağlı düşüncələrindən daşınması üçün ona yüksək məbləğdə maaş təklif etməyə hazırlaşır. Yeni müqavilə imzalanacağı təqdirdə Mendeşin PSJ-də mövsümə 20 milyon avro qazanacağı iddia olunur.
Namiq HUN